28
noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında (DİA) Türkiyə Respublikasının Yurtdışı Türkler və
Akraba Topluluklar Başkanlığının (YTB) sədri cənab Abdulhadi Turus və onu
müşayiət edən nümayəndə heyətinin iştirakı ilə görüş keçirilmişdir.
DİA-nın
rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq qonaqları salamlamış və
görüşün məqsədi, əhəmiyyəti barədə məlumat vermişdir. Rektor qeyd etmişdir ki,
qlobal çağırışların artdığı bir dövrdə dövlət idarəçiliyində yeni yanaşmaların
öyrənilməsi və tətbiqi xüsusi önəm kəsb edir. O, həmçinin Azərbaycan və Türkiyə
Respublikasının dövlət idarəçiliyi sahəsindəki təcrübələrinin bir-birini
tamamladığını və bu istiqamətdə əməkdaşlığın iki ölkə arasında qarşılıqlı
faydalı nəticələr verə biləcəyini vurğulamışdır. Akademik Ələkbərov qlobal
siyasi sistemdə idarəetmə institutlarının çevikliyi, innovativ idarəçilik
modellərinin tətbiqi və insan kapitalının inkişafının əsas prioritetlərdən biri
olduğunu xüsusi qeyd etmişdir.
Görüş
zamanı YTB-nin sədri Abdulhadi Turus geniş məruzə ilə çıxış etmişdir. O, Türkiyənin
diaspora siyasətinin əsas istiqamətləri, konseptual çərçivəsi və strateji hədəfləri
barədə ətraflı məlumat vermişdir. Turus bildirmişdir ki, YTB-nin fəaliyyəti
yalnız xaricdə yaşayan türklərin dəstəklənməsi ilə məhdudlaşmır, həm də qardaş
xalqlar arasında akademik və mədəni əlaqələrin gücləndirilməsinə xidmət edir.
O, YTB-nin təqaüd proqramları, gənclər təşəbbüsləri, mədəni layihələri və
akademik mübadilə proqramlarının gələcək illərdə daha da genişləndiriləcəyini
qeyd edərək DİA-nın bu əməkdaşlıq çərçivəsində mühüm rol oynadığını
vurğulamışdır.
Daha
sonra DİA-nın İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri, Milli Məclisin
komitə sədri Azər Əmiraslanov çıxış etmişdir. O, Azərbaycan–Türkiyə əməkdaşlığının
iqtisadi idarəetmə sahəsində strateji əhəmiyyətini qeyd edərək bildirmişdir ki,
müasir iqtisadi çağırışlar dövlətlərdən daha çevik, analitik və innovativ qərarvermə
yanaşmaları tələb edir. Deputat yeni iqtisadi trendlərin, rəqəmsal idarəetmənin
və regional inteqrasiya layihələrinin iki ölkə arasında əməkdaşlıqda mühüm yer
tutduğunu vurğulamış, bu sahələr üzrə gənc mütəxəssislərin hazırlanmasının
vacibliyini diqqətə çatdırmışdır.
DİA-nın
Beynəlxalq münasibətlər kafedrasının professoru, Siyasi Araşdırmalar
İnstitutunun rəhbəri, millət vəkili Elman Nəsirov Azərbaycan–Türkiyə münasibətlərinin
tarixi və müasir inkişaf dinamikası barədə çıxış etmişdir. O, iki ölkə
arasındakı siyasi və diplomatik əlaqələrin dünyada analoqu olmayan strateji
müttəfiqlik modeli olduğunu bildirmişdir. Millət vəkili həmçinin vurğulamışdır
ki, Azərbaycan və Türkiyə əməkdaşlığı təhlükəsizlik və enerji sahələri ilə məhdudlaşmır,
həm də inteqrasiya olunmuş diplomatik strategiyaların formalaşdırılması
baxımından böyük əhəmiyyət daşıyır.
Elm və
beynəlxalq əlaqələr üzrə prorektor, professor Elvin Əzizbəyov çıxışında
bildirmişdir ki, DİA Türkiyənin aparıcı universitetləri və elmi qurumları ilə
birgə layihələrin icrasını davam etdirir. O, qarşıdakı illərdə bu əməkdaşlığın
daha da genişləndirilməsi, elm və təhsil mövzularında konfransların təşkili,
yeni doktorantura proqramlarının yaradılması və müasir akademik tədris istiqamətlərinin
tətbiqi kimi təşəbbüslərin nəzərdə tutulduğunu vurğulamışdır.
Tədbir
çərçivəsində təhsil proqramlarının dəstəklənməsi, eləcə də mədəni, sosial və
akademik sahələrdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Sonda
professor-müəllim heyəti qonaqlara öz suallarını ünvanlamış, görüş xatirə
fotosu ilə yekunlaşmışdır.




