Dövlət İdarəçilik Akademiyası və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı 2015-ci ildən sonrakı mühüm qlobal inkişaf məsələlərinə dair məsləhətləşmələrə başlayır
23 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı 2015-ci ildən sonrakı mühüm qlobal inkişaf məsələlərinə dair məsləhətləşmələrə başlamışdır. Azərbaycan Respublikası digər 189 üzv dövlətlə birgə 2000-ci ilin sentyabrında BMT Sammitində 2015-ci ilə qədər insanların həyatında müsbət dəyişikliklər yaratmaq üçün ortaq müstəvi rolunu oynayan səkkiz məqsəddən ibarət Minilliyin İnkişaf Məqsədlərinin (MİM) əhatə olunduğu Minilliyin Bəyannaməsini qəbul etmişdir. Bu məqsədlə MİM-lərə nail olmaq üçün hökumət və digər tərəfdaşlarla birgə BMT tərəfindən aparılan 2015-ci ildən sonrakı inkişaf gündəliyinə dair müzakirələrin bir hissəsi olaraq qlobal inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədilə milli məsləhətləşmələrə başlamışdır.
BMT dünyanın hər yerində hökumətlər, beyin mərkəzləri, özəl sektor, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla əməkdaşlıq edərək BMT və dünya liderlərinin 2015-ci ildən sonra yeni inkişaf çərçivəsini hazırladıqları zaman istifadə edəcəkləri birgə baxış formalaşdırmağa çalışır. Qlobal BMT təşəbbüsünün bir hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və BMT-nin İnkişaf Proqramı (BMT İP) 2015-ci ildən sonrakı mühüm qlobal inkişaf məsələlərinə dair məsləhətləşmə keçirir. Bu məsləhətləşmənin məqsədi 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri dair qlobal və yerli baxışın formalaşdırılmasına dair tövsiyələr vermək, o cümlədən prioritetlər və ortaya çıxa biləcək çətinlikləri müəyyənləşdirməkdir.
Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin hədəflərinə nail olunmasında bir çox uğurlar əldə edilmişdir.
Bu ilk növbədə özünü yoxsulluğun kəskin azalmasında, insanların rifahının əhəmiyyətli dərəcədə yüksəlməsində, yeni müasirləşmiş təhsil və səhiyyə müəssisələrinin yaradılmasında, ətraf mühütin yaxşılaşdırılmasında öz əksini tapmışdır.
Yeni nəsil davamlı inkişaf məqsədlərini müəyyənləşdirmək üçün aparılan qlobal müzakirələr “iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin deqradasiyası, səhiyyə riskləri kimi qlobal inkişaf maneələrinin həll yolları yeni məqsədlər toplusuna necə daxil edilməlidir?” kimi vacib suallar doğurur. Dövlət İdarəçilik Akademiyasında baş tutacaq məsləhətləşmələr görkəmli elm adamları, tədqiqatçılar, yüksək rütbəli məmurlar və bir neçə universitet rektorlarını bir araya gətirəcəkdir. Bu iştirakçılar 2015-ci ildən sonrakı davamlı inkişafı müəyyən etmək üçün məqsəd və hədəflərə çatmaq da daxil olmaqla prioritetlərin müəyyənləşdirilməsində zəruri töhfələr verəcəklər.
Müzakirələrin nəticəsi və məsləhətlər BMT-nin hesabatına daxil ediləcəkdir.