Dövlət İdarəçilik Akademiyasında “Xocalı soyqırımı – ermənilərin beynəlxalq cinayətlərinin tərkib hissəsi kimi” mövzusunda elmi videokonfrans keçirilib
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “Xocalı soyqırımı – ermənilərin beynəlxalq cinayətlərinin
tərkib hissəsi kimi” mövzusunda elmi videokonfrans keçirilib.
Konfransda çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin Azərbaycan xalqına qarşı qanlı təcavüzə əl ataraq misli görünməmiş soyqırımı törətdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, bu faciə təkcə xocalılılara qarşı deyil, türk dünyasına, insanlığa, bəşəriyyətə qarşı dəhşətli cinayətdir. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Vurğulanıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında dövlət strukturları ilə yanaşı, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır.
Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan bəhs edib. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
DİA-nın “Politologiya və Siyasi İdarəetmə” kafedrasının baş müəllimi Zaur Məmmədovun moderatorluğu ilə davam edən konfransda DİA-nın Siyasi İdarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, “XX əsrin sonunda Xocalı soyqırımına aparan yolun tarixi-siyasi aspektləri”, DİA-nın “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədovanın “Xocalı soyqırımı erməni ictimai əxlaqının siması kimi”, DİA-nın “Tarix” kafedrasının professoru Havva Məmmədova “Xocalı soyqırımında yaşananların tarixi xronikası” adlı məruzələri dinlənilmişdir.
Daha sonra çıxış edən I prorektor (tədris işləri üzrə) prof. Əlikram Abdullayev, Hüquq kafedrasının müdiri İsaxan Vəliyev, İnzibati idarəetmə fakültəsinin dekanı Elnur Əliyev və digər çıxış edənlər qeyd etdilər ki, Xocalı faciəsindən 29 il ötür. Bu dəhşətli soyqırımının növbəti ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən Azərbaycana qaytarılıb. İndi artıq Qarabağda bərpa və quruculuq dövrü başlayıb.
Çıxış edənlər bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatların verilməsinin vacibliyini vurğulayıblar.