Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası «Global fövqəladə şəraitdə innovativ dövlət idarəçiliyi texnologiyaları: Azərbaycanın təcrübəsi» adlı təlim keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Kürdəmir “ASAN xidmət” mərkəzi əməkdaşları və könüllüləri üçün növbəti onlayn təlim keçirib.
“Qlobal fövqəladə şəraitdə innovativ dövlət idarəçiliyi texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda keçirilən təlimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini yalnız 29 il öncə bərpa etməsinə baxmayaraq, qısa dönəmdə inklüziv və davamlı inkişaf sahəsində nəzərəçarpan uğurlara imza atıb. Bu uğurlar beynəlxalq qurumlar və müstəqil ekspertlərin hesabatlarında öz əksini tapıb. Məruzədə beynəlxalq təşkilatların 2019-cu ildə dərc edilmiş rəsmi statistik bilgiləri təhlil olunub. Eyni zamanda, Davos Dünya Forumunun təsisçisi və fəxri prezidenti, professor Klaus Martin Şvabın hazırladığı qlobal hesabat nəzərdən keçirilib. Bildirilib ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə olunub. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüz illik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır.
Təlim iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıb. Sözügedən texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu diqqətə çatdırılıb.
Onlayn təlimdə çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev dünyada və regionda yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsindən danışıb. Natiq çıxışında qloballaşma dönəmində təhlükəsizlik anlayışının daha geniş məna kəsb etdiyinə diqqət çəkib. Eyni zamanda, məruzəçi ictimai rəyin getdikcə artan təsiri və dünya dövlətlərinin bir-birindən asılılığı şəraitində müdafiə obyektinin coğrafi genişlənməsi problemini dünya təhlükəsizliyi üçün önəmli fenomen kimi qeyd edib. Eyni zamanda, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətinin təşkilinə ən vacib konseptual innovativ yanaşma dövlət qulluğu sisteminin təkmilləşdirilməsinin bir çox istiqamətlərini özündə cəmləşdirən nəticəyönümlü idarəetmə prinsip və qaydalarının bu sahədə tətbiqidir.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.