loader image

Dia.edu.az

DİA-da “Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat” mövzusunda beynəlxalq konfrans keçirilib
Mart 03 , 2020 – 11:47

Martın 2-də Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat” mövzusunda konfrans keçirilib.

Iki gün davam edəcək konfrans Ankara Sosial Elmlər Universiteti ilə birgə təşkil edilib.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar davamlı inklüziv inkişafın təminatçısı kimi” mövzusunda çıxış edib. Çıxışında Azərbaycanda həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışan rektor bildirib ki, bu layihələr ulu öndər Heydər Əliyevin düşünülmüş müdrik siyasəti sayəsində reallaşdırılıb. Rektor bildirib ki, Azərbaycan enerjinin səmərəli istifadəsinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.

Ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışan U.Ələkbərov qeyd edib ki, son dövrlərdə bütün növ sosial ödənişlər artırılıb, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Məruzəçi bildirib ki, torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasına baxmayaraq, Azərbaycan qısa müddətdə innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olub. Vurğulayıb ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Bu texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rola malikdir.

Rektor diqqətə çatdırıb ki, 2018-ci il Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında 3-cü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoyub. Akademik qeyd edib ki, bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq, onlar arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan çox sayda dövlətlərdən irəlidədir. Azərbaycanın inklüziv inkişaf indeksləri ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya və başqa ölkələrin göstəricilərini üstələyir. Bu nailiyyət Azərbaycan Respublikasında iqtisadi, sosial və humanitar siyasətin ümumi inkişaf strategiyasının vacib istiqaməti olmasından xəbər verir.

Akademik U.Ələkbərov qeyd edib ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadadır. Son illərdə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında Prezident İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır. Məruzədə idarəetmədə istifadə olunan bu yeni sinergetik, komplementar və kompensasion texnologiyalar və onların kompleks tətbiqinin nəticələri geniş təhlil edilib.

Akademik U.Ələkbərov qeyd edib ki, Türkiyənin sosial elmlər sahəsində araşdırmalar həyata keçirən ilk və yeganə dövlət ali təhsil ocağı olan Ankara Sosial Elmlər Universiteti Azərbaycanla elmi əməkdaşlığa böyük diqqət göstərir.

Sonra Ankara Sosial Elmlər Universitetinin kafedra müdiri professor Onur Ender Aslan “Regional enerji və nəqliyyat şəbəkələrinin inkişafının dövlət idarəçiliyi” mövzusunda çıxış edib.

Beynəlxalq konfrans işini panel iclaslarla davam etdirib.