Dövlət qulluqçuları üçün növbəti səyyar seminar keçirilib
Dek 18 , 2019 – 03:37
Dekabrın 16-da İmişli rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları və ASAN xidmət mərkəzinin əməkdaşları və könüllüləri üçün növbəti səyyar seminar keçirilib.
Tədbiri giriş sözü ilə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev açıb. Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının davamlı inklüziv inkişaf sahəsində dünya liderliyi: beynəlxalq təşkilatların dəyərləndirmələri” mövzusunda məruzə ilə çıxış edib. Rektor Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişaf nümayiş etdirdiyini və müstəqilliyinin hər növbəti ili ölkənin yeni yüksək nailiyyətləri ilə bağlı xəbərlərlə müşaiyət olunduğunu bildirib. Akademik qeyd olunan uğurların kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusi vurğulayıb. Rektorun sözlərinə görə, Azərbaycan Respublikası 2018-ci ildə bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran ölkədir. O, eyni ildə Davos İqtisadi Forumunda dünya ölkələrində davamlı inklüziv inkişafla bağlı durumun təhlil olunduğuna diqqət çəkib. Qeyd edilib ki, bu təhlil əsasında hazırlanan hesabata görə, Azərbaycan Respublikası inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində əhəmiyyətli dərəcədə uğur qazanıb. Davos İqtisadi Forumunun 2018-ci il üçün təhlillərinə görə, Azərbaycan Respublikasının inklüziv inkişaf indeksi 4,69 təşkil edib. Həmin göstərici ilə ölkəmiz bir çox dövlətləri, o cümlədən yüksək iqtisadi inkişaf səviyyəsinə malik ölkələri geridə qoyub. Akademik U.Ələkbərov inklüziv inkişaf göstəriciləri Azərbaycandan aşağı olan ölkələr arasında ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya, Türkiyə, Portuqaliya, Yunanıstan və s. olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişaf indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişaf və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. Seminar iştirakçıları həmçinin Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıblar. Xüsusi vurğulanıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın insan potensialının inkişafı, inkişaf proseslərinin inklüzivliyinin təmini sahəsində təşəbbüsləri, onun rəhbərliyi altında gerçəkləşdirilən iqtisadi, sosial, humanitar və mədəni layihələr Azərbaycan Respublikasının sosial indikatorlarının yüksək qalmasına, həmçinin gələcək sosial tərəqqiyə imkan yaradıb. Məruzədə beynəlxalq təşkilatların 2018-2019-cu illərdə dərc edilmiş rəsmi statistik bilgiləri təhlil olunub. Eyni zamanda Davos Dünya Forumunun təsisçisi və fəxri Prezidenti professor Klaus Martin Şvabın hazırladığl qlobal hesabat nəzərdən keçirilib. Bildirilib ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə olunub.
“Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzusunda məruzə ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Rəcəb Rəhimli “İnnovasiyaların dövlət sektorunda tətbiq olunmasının əsas məqsədləri və dövlət qulluğunda innovasiyaların tətbiqinin dövlət qulluğunun inkişafı strategiyası” adlı məruzəsində geniş məlumat verib. Natiq günümüzdə ölkədə baş verən dəyişikliklərin insan fəaliyyətinin bütün sahələrini əhatə etdiyindən innovasiyaların bir çox sosial institutlar üçün aparıcı roluna diqqət çəkib. Təsadüfi deyil ki, müasir idarəetmə sisteminin başlıca inkişaf tendensiyalarından biri innovasiyalar və onların tətbiqinə yeni yanaşmaların axtarışıdır. Eyni zamanda vurğulanıb ki, dinamik şəkildə dəyişən informasiya və texnologiyalar bazarı şəraitində idarəetmə orqanları və qurumlarının innovasiyaların təşviqi və tətbiqinə dair fəallıqları ən qiymətli rəqabət üstünlüyü kimi dəyərləndirilir. Məruzəçi müasir dönəmdə bu prosesin gedişində ölkədə dövlət qulluğu sistemində innovasiyaların tətbiqi zamanı səmərəli idarəetmə texnologiyalarının seçimi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğunda səriştə modelinin tətbiq edilməsi ilə dəyişikliklərə təkan verən təşkilati mühitin yaradılması, potensial uğurlu layihələrin stimullaşdırılması, xərc və resursların həcminin düzgün müəyyənləşdirilməsi kimi önəmli faktorlara xüsusi diqqət yetirildiyini önəmli üstünlük kimi qeyd edib. Onun fikrincə, dövlət qulluğu və dövlət idarəçiliyində tətbiq edilən yeni innovativ yanaşma və təşəbbüslərin bu institutun nüfuzunun daha da artmasına imkan yaradacaqdır.
Seminarın yekununda iştirkçıların sualları cavablandırılıb.