Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Dek 10 , 2019 – 03:14
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil dövlətimizin qurucusu və YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.
Tədbiri açıq elan edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixindəki əvəzolunmaz xidmətlərindən danışıb. Müasir iqtisadi inkişafımızın əsasını təşkil edən Heydər Əliyev neft strategiyasının və “Əsrin müqaviləsi”nin imzalanmasının əhəmiyyətini xüsusi qeyd edən rektor bildirib ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasətini və yolunu yeni müstəvidə uğurla davam etdirir. Bu gün Azərbaycan dünyada tanınan, beynəlxalq münasibətlərdə öz sözü və yeri olan, dinamik inkişaf edən modern və güclü dövlətə çevrilib.
Rektor qeyd edib ki, Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq.
YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev bütün varlığı ilə müstəqil Azərbaycan dövlətçiliyinə bağlı olan ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə taleyin hökmü ilə xalqımız və milli dövlətçiliyimiz üçün yerinə yetirdiyi böyük tarixi missiyalardan danışıb. Bildirib ki, dinamik inkişaf edən və ildən-ilə siyasi, iqtisadi, beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev amili və Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Şəmsəddin Hacıyev vurğulayıb ki, zaman keçdikcə biz Heydər Əliyev dühasının əzəmətini, böyüklüyünü daha çox hiss edir, həyata keçirdiyi çoxşaxəli işlərin, xalqımız və müstəqil dövlətçiliyimiz üçün ən çətin, taleyüklü anlarda yerinə yetirdiyi xilaskarlıq missiyaların nəhəngliyini daha dərindən dərk edirik. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsini ehtiramla yaşadır.
Şəmsəddin Hacıyev ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və idarəçilik irsi haqqında tədbir iştirakçılarına xronoloji ardıcıllıqla geniş və ətraflı məlumat verib. O qeyd edib ki, sovet dövründə Heydər Əliyev yalnız şəxsi bacarığı, istedadı və işgüzarlığı ilə gənc yaşlarından etibarən dünyanı idarə edən iki nəhəng dövlətdən birinin ən yüksək rəhbər vəzifələrinə qədər yüksələn ilk müsəlman-türk, azərbaycanlı olub. Ulu Öndər 1969-cu ildə müttəfiq respublikalar arasında ən geridə qalmış aqrar-xammal ölkələrindən biri olan Azərbaycana rəhbər təyin olunmasından sonra cəmi 13 il ərzində Azərbaycan SSR-ni sovet respublikaları sırasında ən sürətlə inkişaf edən və özünü tam təmin edən aqrar-sənaye respublikasına çevrib. SSRİ kimi fövqəldövlətdə yüksək məsuliyyət tələb edən elm, təhsil, mədəniyyət, nəqliyyat, maşınqayırma, dəmir yolları və digər mühüm strateji sahələrə məhz Heydər Əliyev rəhbərlik edib və bu sahələrin inkişafında əhəmiyyətli nəticələr əldə edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin xalqın istəyi və dəstəyi ilə 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə gəlməsi onun tarixi qurtuluş missiyasının başlanğıcıdır. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması və qısa müddətdə xalqın dəstəyi ilə iqtidar partiyasına çevrilməsi Azərbaycanın siyasi tarixində mühüm hadisədir.
Bildirilib ki, Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Ulu Öndər ölkəmizi düşdüyü bəlalardan, məhv olmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edib. Ümummilli lider Heydər Əliyev son dərəcə mürəkkəb siyasi və iqtisadi şəraitdə Azərbaycanın müstəqilliyini qoruyub, möhkəmləndirib və ölkəmizi iqtisadi tənəzzüldən sürətli inkişaf və tərəqqi yoluna çıxarıb.
Şəmsəddin Hacıyev Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı üçün hazırladığı fundamental siyasi və iqtisadi bazanın tərkib elementlərini təhlil edib. O, Ulu Öndərin misilsiz xidmətləri sırasında 1994-cü ildə Azərbaycan üçün əlverişli şərtlərlə “Əsrin müqaviləsi”nin imzalanmasının, 1995-ci ildə əsl sivil, müasir tələblərə cavab verən və sonradan dövlətin bütün qanunvericilik bazasının yaradılmasında həlledici rol oynayan müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasının və qəbulunun, ölkədə bazar iqtisadiyyatına keçid üçün zəruri institutların və infrastrukturun yaradılmasının, cəmiyyət həyatının bütün sahələrini əhatə edən geniş və sistemli islahatlar proqramının həyata keçirilməsinin, eləcə də həmin dövrdə Azərbaycanın milli və azərbaycançılıq ideologiyasının formalaşdırılmasının və bütün cəmiyyətin bu ideyalar ətrafında birləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı daha bir tarixi missiyasının sağlığında özünün siyasi varisini müəyyənləşdirməsi olduğunu diqqətə çatdıran Şəmsəddin Hacıyev qeyd edib ki, zaman bu seçimin nə dərəcədə düzgün, müdrik və uzaqgörən qərar olduğunu sübuta yetirib. Azərbaycan xalqına firavan həyat və güclü dövlət bəxş etmiş Heydər Əliyev siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən tamamilə yeni keyfiyyət müstəvisində dünyada gedən proseslər və yeni çağırışlar əsasında uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda son 16 ildə möhtəşəm işlər görülüb, ən böyük dəyərimiz olan ictimai-siyasi sabitliyimiz təmin olunub, iqtisadiyyatımız sürətlə inkişaf edib, beynəlxalq aləmdə Azərbaycan etibarlı tərəfdaş imici qazanıb. 2018-ci ildən etibarən ölkəmizdə davamlı, tarazlı, şaxələndirilmiş inkişaf və cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatlar həyata keçirilir və müsbət nəticələr də göz önündədir. Azərbaycan öz inkişaf yolu ilə gedir, bu yol Heydər Əliyev yolu və İlham Əliyevin cəsarətli, müstəqil, uzaqgörən siyasət yoludur. Bu siyasət Azərbaycanı gələcəkdə də çox uğurlara aparacaq.
Ulu öndər Heydər Əliyevi bir daha qürurla və ehtiramla yad edən Şəmsəddin Hacıyev vurğulayıb ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixin gedişini dəyişən və Azərbaycanın yeni tarixini yaradan şəxsiyyətdir. Nə qədər Azərbaycan varsa, Heydər Əliyev ideyaları da yaşayacaq və Heydər Əliyevin qurub yaratdığı Azərbaycan vaxt gələcək ki, dünyanın ən inkişaf etmiş ölkələrindən olacaq.
Tədbirdə çıxış edən DİA-nın Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirib ki, otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb.
Professor Elçin Əhmədov qeyd edib ki, 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son 16 ildə Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Həyata keçirilən qlobalmiqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Siyasi idarəetmə fakültəsinin III kurs tələbəsi İlahə Balakişiyeva bildirib ki, Ümummilli Liderin zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunə təşkil edib. Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hər bir gənc üçün fəxr və qürur mənbəyidir. Ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncliyi ölkəmizin son 16 ildə əldə etdiyi misilsiz nailiyyətlərindən ruhlanır və onlara göstərilən yüksək etimada layiq olmağa çalışır.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının YAP-ın sıralarına yeni qəbul olunan tələbələrinə partiya üzvlük vəsiqələri təqdim olunub.