loader image

Dia.edu.az

Latviyanın sabiq prezidenti, Madrid klubunun üzvü və Nizami Gəncəvi Beyləxalq Mərkəzinin həmsədri xanım Vaira Viki-Fraiberqanın iştirakı ilə Dövlət İdarəçilik Akademiyasında görüş keçirilmişdir
Apr 28 , 2014 – 10:22

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Latviyanın sabiq prezidenti, Madrid klubunun üzvü və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vaira Viki-Fraiberqa ilə görüş keçirilmişdir. Görüşdə Akademiyanın professor-müəllim heyətinin nümayəndələri, Akademiyanın bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr iştirak etmişlər.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik U.Ələkbərov qonağı salamlamış, dinləyicilərə xanım Vayra Vike-Freyberqanın Latviya Respublikasının 6-cı prezidenti kimi səkkiz ililk fəaliyyəti ərzində (1999-2007) ölkəsinin yüksəl inkişafa nail olmasından, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən, BMT-nin baş katibinin xüsusi elçisi olduğunu bildirmişdir. O, görüşün əsas məqsədinin “Səmərəli dövlət idarəçiliyi”  mövzusuna həsr olunduğunu diqqətə çatdırmışdir. Rektor U.Ələkbərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən son dövrlərdə aparılan səmərəli islahatların və həyata keçirilən tədbirlərin Azərbaycan Respublikasında effektiv dövlət idarəçiliyinin inkişaf etdirilməsini, dövlətin idarəedilməsində biliyə əsaslanan cəmiyyətin qurulması istiqamətində həyata keçirilən siyasəti, beynəlxalq təşkilatların qəbul etdiyi statistik faktları əyani vasitələrlə qonağın diqqətinə çatdırmışdır.

Rektor ölkənin əldə etdiyi yüksək inkişaf tempi, beynəlxalq arenada əldə edilən nailiyyətlər, elm və humanitar sahədə qazanılan uğurlar haqqında məlumat vermiş, davamlı inkişaf strategiyasının tələblərinə cavab verən insan potensialının formalaşması, ölkənin zəngin təbii ehtiyatlarından olan “qara qızılın” insan kapitalına çevrilməsi, bu sərvətin formalaşdırılması və idarəedilməsinin əsasında elm və təhsilin dayandığını bildirmiş, ölkəmizdə sağlam və yüksək bilik və bacarığa malik olan yeni nəslin formalaşmasını, dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu xatırlatmışdır.

Daha sonra Rektor Akademiyada belə görüşlərin keçirilməsini elmi potensialın səviyyəsinin yüksəlməsinə müsbət təsir etdiyini xüsusi qeyd edərək sözü xanım Vaira Viki-Fraiberqanın təqdim etdi.

Xanım Vaira Viki-Fraiberqa öz növbəsində görüş iştirakçılarini salamlamış və onların qarşısında “Səmərəli idarəçilik” mövzusunda mühazirə ilə çıxış etmişdir. O, dövlət idarəçiliyinin  yeni paradiqması kimi “Səmərəli idarəçiliyin” mahiyyətini şərh etmiş, Avropa və dünya miqyasında “Səmərəli idarəçilik” prinsiplərinin tətbiqi sahəsində görülən və onun fikrincə görulməli olan işlərə dair öz baxışlarını izah etmiş, dünyanın bir sıra ölkələrində hələ də dövlət idarəçiliyinin islahatları ilə  bağlı  ciddi problemlərin olduğunu və  bunun  beynəlxalq təhlükəsizlik, davamlı inkişaf yolunda ciddi maneə törətdiyini qeyd etmişdir.

“Səmərəli idarəçilik” prinsiplərinin tətbiqi istiqamətində  Azərbaycan Respublikasənən əldə etdiyi müsbət nəticələrin  beynəlxalq təşkilatlar tərəfindən  yüksək qiymətləndirildiyini, beynəlxalq arenada ölkənin nüfuzunun durmadan artdığını xüsusi qeyd edən xanım Vaira Vike-Freiberqa  belə bir fikri xüsusi vurğulamışdır  ki, “Səmərəli idarəçilik” üçün iki mühüm şərt  vardır: birincisi, güclü siyasi liderin olması,  ikincisi, bu iradənin reallaşmasını təmin edə biləcək  effektiv idarəçilik sisteminin olması.  Onun fikrincə, Azərbaycanda bu şərtlərin hər ikisi mövcuddur və bu da ölkənin gələcək uğurlarının təminatçısıdır.

Sonda xanım Vaira Viki-Fraiberqa dinləyicilərin çoxsaylı suallarına cavab vermişdir.