loader image

Dia.edu.az

Hazırda açıq şəkildə ölkəmizə qarşı həyata keçirilən təxribatların şahidiyik. Bu təxribatlar başda Ermənistan olmaqla, Fransa, ABŞ, Almaniya və bir sıra nüfuzlu dövlətlər tərəfindən təşkil olunur. Beynəlxalq təşkilatlara arxalanan Ermənistan düşünür ki, Azərbaycana qarşı davamlı təxribat törədəcək, danışıqları pozacaq, nəticədə isə separatçıların varlığını qoruyub saxlayacaq. Nikol Paşinyan isə bu gün çox arxayın davranır ki, o, Ermənistanın sərhədlərini qoruyub, Avropa İttifaqının (Aİ) xüsusi missiyasını sərhədə gətirib. Onun istəyi həm də ondan ibarətdir ki, bölgədə Qərbin hərbi iştirakçılığı daha da güclənsin və beləcə də buraya Yuqoslaviya və Kosova presedenti tətbiq olunsun.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov söyləyib.

Onun sözlərinə görə, Emmanuel Makronla əlbir olan N.Paşinyan ötən ilin avqustundan başlayaraq intensiv şəkildə Cənubi Qafqazda yeni Ermənistan-Fransa ssenarisi üzərində hərəkət etməkdədir.

“Son günlər mütəmadi şəkildə atəşkəsi pozan, təxribata əl atan Ermənistan silahlı qüvvələri bu cəsarəti haradan alırlar? Həqiqətənmi onlar özlərini güclü hiss edirlər? Əslində, belə deyil, ermənilər bu addımla Azərbaycan Ordusunu təxribata çəkmək istəyirlər ki, Avropa İttifaqı ölkələrinin Nazirlər Şurasında və BMT Təhlükəsizlik Şurasında ölkəmizlə bağlı məsələdə daha qəti mövqe nümayiş etdirilsin. Həmçinin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində, şərti sərhəddə və Qarabağ iqtisadi rayonunda baş verənlərlə bağlı Azərbaycanı günahlandırsınlar. Lakin onların hansı plan üzərində çalışmaqlarından asılı olmayaraq, dövlətimiz öz fikrində qətidir, lazım gələrsə, antiterror əməliyyatlarını da həyata keçirə bilər”, – deyə Zaur Məmmədov vurğulayıb.