loader image

Dia.edu.az

İCRA OLUNMUŞ BEYNƏLXALQ LAYİHƏLƏR

Kafedrada müxtəlif dövrlərdə beynəlxalq və yerli layihələr icra edilmişdir. Bunlardan AB-nin TACİS proqramının “Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi” beynəlxalq layihəsi  çərçivəsində geniş miqyaslı tədqiqatlar aparılıb və bu tədqiqatların nəticəsi olaraq  “Azərbaycanda müasir dövlət qulluğu modeli axtarışı”, “Azərbaycanda kadrların idarə edilməsində müasir yanaşma”, “Dövlət idarəetməsində islahatlar: naliyyətlər, problemlər, perspektivlər” adlı kitablar nəşr olunmuşdur.

“Dövlət idarəçiliyi məsələləri üzrə beynəlxalq  bilik standartlarının tətbiqi”  (Kanadanın Beynəlxalq Təhsil Bürosu ilə birlikdə 2004-2007-ci illər) layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində “Dövlət siyasəti” magistr ixtisaslaşması üzrə klassik sayılan bir neçə dərslik ingiliscədən azərbaycan dilinə tərcümə edilmiş, bir neçə orijinal dərs vəsaiti və proqramları hazırlanmış və böyük tirajla nəşr edilmiş, habelə dövlət idarəçiliyi, dövlət qulluğu, dövlət siyasəti və menecment ixtisasları üzrə min nüsxəyə yaxın azərbaycan, türk, rus və ingilis dillərində dərsliklər və monoqrafik əsərlər  DİA elmi kitabxanasına hədiyyə edilmişdir.

2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu ilə Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən “Dövlət qulluqçuları və vətəndaş münasibətlərinin təkmilləşdirilməsinə yönəlmiş 2012-2013-cü illəri əhatə edən davranış və sosial dəyişiklik üçün strateji kommunikasiya” layihəsi həyata keçirilmişdir. Dövlət qulluqçuları və vətəndaşlar arasında davranış və sosial dəyişiklik üçün strateji kommunikasiya layihəsi MDB və Cənubi Qafqaz ölkələri içərisində ilk dəfə Azərbaycanda həyata keçirlmişdir.Sözügedən layihə kafedra tərəfindən uğurla  icra olunmuşdur. Layihə çərçivəsində “Dövlət qulluqçuları və  vətəndaş münasibətlərinin təkmilləşdirilməsinə yönəlmiş davranış və sosial dəyişiklik üçün strateji kommunikasiya” kitabı nəşr olunmuşdur.

Təhsil Nazirliyinin 2009-2014-cü illəri əhatə edən “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində kafedra ilə səmərəli və faydalı əməkdaşlıq həyata keçirilmişdir. Layihə çərçivəsində Kanadanın Vankuver ve Kvebek universitetləri ilə birgə  əməkdaşlıq nəticəsində “Layihələrin idarə olunması” və “İnsan resurslarının idarə olunması” ixtisasları üzrə yeni magistr proqramı yaradılmışdır.

2016-2017-ci illərdə Aİ tərəfindən maliyyələşdirilən BMT-nin İnkişaf Proqramının “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək” layihəsi çərçivəsində kafedra məllimləri tərəfindən təlimçilər üçün təlim modulları hazırlanmış  və  təlimlər həyata keçirilmişdir.