“Tarix” kafedrası Dövlət İdarəçilik Akademiyasının yaradılması ilə fəaliyyətə başlayan kafedralardandır. İlk gündən kafedraya Akademiyanın rektoru, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Seyfəddin Qəndilov rəhbərlik etmişdir. Akademiyanın təyinatına uyğun olaraq hazırlanan mütəxəssislər üçün kafedrada “Azərbaycan tarixi”, “Azərbaycanın dövlətçilik tarixi”, “Azərbaycanın diplomatiya tarixi”, “Türk xalqları tarixi”, “Beynəlxalq münasibətlər tarixi”, “Asiya və Afrika ölkələrinin tarixi”, “Avropa və Amerika ölkələrinin tarixi”, “İdarəçilik mədəniyyəti” kimi fənlər müvafiq sahələr üzrə məqsədyönlü məzmunda tədris olunur. Azərbaycanla bağlı fənlərin tədrisində qədim və zəngin Azərbaycan dövlətçiliyinin, dövlət idarəçiliyi sahəsində tarixi təcrübənin öyrədilməsinə başlıca yer verilir. Tədris prosesinə fənlər üzrə ixtisaslaşmış və müəyyən təcrübə toplamış müəllimlər cəlb olunmuşdur. Kafedra müəllimləri Akademiyanın Siyasi idarəetmə, İnzibati idarəetmə fakültələrində və Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda dərs deyirlər. Hazırda kafedrada 13 əməkdaş- 4 elmlər doktoru, 6 fəlsəfə doktoru, 1 müəllim, 1 kabinet müdiri və 1 laborant fəaliyyət göstərir.
Hazırda kafedraya dosent Firdovsiyyə Əhmədova rəhbərlik edir. Kafedra müdiri Firdovsiyyə Əhmədova, professor Fuad Məmmədov, professor Musa Quliyev kafedranı Akademiyanın Böyük Elmi Şurasında təmsil edirlər. Kafedranın professoru Musa Quliyev həm də rektorun doktorantura üzrə müşaviridir.