Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbə və magistrantların elmi yaradıcılığının inkişaf etdirilməsinə böyük əhəmiyyət verilir. Bu məqsədlə, həmçinin onların elmi-tədqiqat işlərini fəallaşdırmaq, elmi tədqiqat işinə cəlb olunmasını təmin etmək məqsədilə Rektorun 08 noyabr 2001 – ci il tarixli əmri ilə DİA Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.
Dövlət İdarəçilik Akademiyasında Tələbə Elmi Cəmiyyətinin işinə ümumi rəhbərlik DİA-nın Rektoru akademik Urxan Ələkbərov tərəfindən həyata keçirilir ki, bu da TEC-in fəaliyyətinin səmərəli təşkilinə böyük kömək edir.
DİA Tələbə Elmi Cəmiyyəti (sədr fəlsəfə üzrə fəlsəfə doktoru, dosent S.İ. Məmmədova) özünün strukturunda “Siyasi idarəetmə” və “İnzibati idarəetmə” fakültələri TEC-lərini, həmçinin Magistr Elmi Cəmiyyətini birləşdirir. Tələbə və magistrlərin elmi-tədqiqat və yaradıcılıq işləri tədrislə sıx əlaqəli təşkil olunur. Tələbə elmi işlərinin mövzuları və məzmunu ümumakademiya elmi problemləri və kafedraların elmi tədqiqat işlərinin istiqamətlərinə uyğun olaraq müəyyən olunur.
DİA TEC-nin fəaliyyətinin əsas istiqamətlərini aşağıdakılar təşkil edir:
-elmi yaradıcılığa maraq göstərən tələbə və magistrantları TEC-in fəaliyyətinə cəlb etməklə, hər il fakültələr üzrə elmi tədqiqatın metodologiyası ilə bağlı seminar – treninqlərin keçirilməsi;
– ixtisas kafedraları ilə birlikdə hər il tələbələrin elmi-tədqiqat işlərinin təxmini mövzularının hazırlanması, tələbə və magistrantlara seçmək üçün təqdim edilməsi;
-seçilmiş mövzular üzrə elmi iş üzərində işləyən tələbə və magistrantlarla rəhbərlərin iştirakı ilə bir neçə mərhələdə elmi məsləhətlərin keçirilməsi;
-yerinə yetirilmiş hər bir elmi işin kafedraların iştirakı ilə yoxlanılmasının təşkili, işlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tələbə və magistrantlara onların işləri ilə bağlı tövsiyələrin verilməsi;
-TEC üzrə yerinə yetirilmiş elmi işlərin yekunlarına həsr olunmuş eimi konfransın keçirilməsi və konfrans materiallarının nəşr edilməsi;
-TEC üzvlərinin iştirakı ilə müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və dövlət idarəçiliyinin aktual problemlərinə həsr olunmuşdəyirmi masaların və elmi-praktik konfransların, məqalə və esse müsabiqələrinin keçirilməsi;
-beynəlxalq, respublika və digər ali məktəblər səviyyəsində keçirilən elmi konfranslar və müsabiqələrdə TEC üzvlərinin iştirakının təşkil edilməsi və s.
DİA TEC-i öz fəaliyyətində Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin tələbə və magistrantlar tərəfindən öyrənilməsinə xüsusi yer verir, bu istiqamətdə hər il elmi konfrans, dəyirmi masa və müsabiqələr keçirir.
2019-cu ildə DİA Tələbə Elmi Cəmiyyəti həmin istiqamətlərdə işini təşkil etməklə yanaşı, aşağıdakı elmi konfranslar və dəyirmi masalar keçirmişdir:
– 25 fevral 2019-cu iltarixində DİA tələbə və magistrantlarının iştirakı ilə “Xocalı soyqırımı XX əsrin ən dəhşətli qətliamıdır” mövzusunda dəyirmi masa;
– 10 may2019-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “«Heydər Əliyev xarizmatik
lider, müstəqil Azərbaycan dövlətinin banisidir» mövzusunda elmi konfrans;
– 24 may 2019-cu iltarixində DİA tələbə və magistrantlarının iştirakı ilə
“Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti” mövzusunda dəyirmi masa.
– 20 dekabr 2019-cu il tarixində DİA Tələbə Elmi Cəmiyyəti üzvlərinin 2019-cu ildə yerinə yetirdikləri elmi işlərinin yekunlarına həsr olunmuş “Azərbaycan Respublikasının müasir inkişaf prioritetləri” mövzusunda üç bölmədə keçirilmiş elmi-praktiki konfrans.
Hazırda DİA TEC-i öz fəaliyyətini yuxarıda göstərilən istiqamətlər üzrə davam etdirir, bu sahədə topladığı təcrübənin daha da təkmilləşdirilməsinə çalışır.
DİA Tələbə Elmi Cəmiyyətinin Sədri dosent S.İ.Məmmədova