preloader-matrix

Dia.edu.az

Avropa İnsan Haqları Məhkəməsinin hakimi ilə tələbələrin görüşü keçirilib
Apr 11 , 2017 – 03:40

Aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Tələbə Gənclər Təşkilatı Hüquq Klubunun təşkilatçılığı ilə növbəti görüş Avropa insan haqları məhkəməsinin hakimi hüquq elmlər doktoru, professor Lətif Hüseynovla keçirilib.

Görüşü giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Humanitar və Sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev açmış, qonağı, iştirakçıları salamlamışdır. Görüşün tələbələr üçün praktik əhəmiyyəti barədə fikrini ifadə etmişdir. O, əsas məqsədin Dövlət İdarəçilik Akademiyasında təhsil alan tələbə-gənclərin bu sahədəki biliklərinin artırılması, insan hüquqları sahəsində ölkədə aparılan uğurlu islahatlar və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulamışdır.

Görüşdə Avropa insan haqları məhkəməsinin hakimi, hüquq elmlər doktoru, professor Lətif Hüseynov çıxış etmiş, Avropa məhkəməsinin fəaliyyəti, beynəlxalq münasibətlərlə bağlı yeni çağırışlar barədə fikirlərini bildirmiş, bu sahədə olan təcrübəni diqqətə çatdırmış, qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Daha sonra qonaq Avropa insan haqları məhkəməsinin yaranması, fəaliyyəti, müraciətlərə baxılma prosedurları barədə geniş məlumat vermiş, həqiqətlərin müdafiəsi baxımından ali tribunanın ölkəmiz üçün əhəmiyyətini qeyd etmişdir. Gənclərin təşəbbüsünü hər zaman yüksək dəyərləndiridiyini ifadə etmiş və bu zəruri fəaliyyətin ölkə başçısının gənclərə göstərdiyi diqqətin təzahürü kimi dəyərləndirmişdir.

Diskussiya şəklində keçən görüşdə tələbə-gənclərin sualları cavablandırılmış, onların fikir və təklifləri dinlənmişdir. Görüşdə DİA-nın “Hüquq” kafedrasının professor-müəllim heyəti iştirak etmişdir.