preloader-matrix

Dia.edu.az

Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa”
Noy 27 , 2015 – 10:19

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycançılıq məfkurəsi: dünəni, bu günü və sabahı” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbir Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dövlət İdarəçilik Akademiyası və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov azərbaycançılıq ideologiyasının inkişaf mərhələlərindən, bu ideologiyanın formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Azərbaycançılıq və multikulturalizm sahəsində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını qeyd edən rektor, bu sahədə tədqiqatların, müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Akademik U.Ələkbərov azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsi barədə fikirlərini qeyd edib.

DİA-nın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev “Azərbaycançılıq milli birlik paradiqması kimi” mövzusunda məruzəsində cəmiyyətdə bu ideologiyanın mühüm rolundan və əhəmiyyətindən danışıb.

“Azərbaycançılıq məfkurəsi və multikulturalizm” mövzusunda məruzə edən DİA-nın fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov milli şüurun, milli təfəkkürün inkişafı ilə bağlı fikirlərini bölüşüb. Azərbaycançılıq ideologiyasının formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs edən E.Nəcəfov bildirib ki, Ümummilli Lider azərbaycançılığı bir milli ideologiya kimi qoruyub saxlayıb, onu yeni, müasir dövrə uyğun olaraq inkişaf etdirib. Əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məruzəçi Azərbaycanın multikulturalizm sahəsində dünyanın öndə gedən ölkələrindən biri olduğunu vurğulayıb.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dini və etnik müxtəlifliyin tənzimlənməsi siyasəti”, “ XIX əsrin II yarısında–XX əsrin əvvəllərində Azərbaycan ictimai fikir tarixində azərbaycançılıq ideyası”, “Dövlət din münasibətlərinin tənzimlənməsində azərbaycançılıq məfkurəsinin rolu”, “Azərbaycançılıq ideyasının fəlsəfi mahiyyəti” mövzularında məruzələr dinlənilib.

Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb.