preloader-matrix

Dia.edu.az

“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
Apr 23 , 2019 – 09:08

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın açılışını Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərman ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi daşıyır.

Qeyd edilib ki, regionlarımızın inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Daha sonra Yasamal bələdiyyəsinin üzvü Əli Əkbərli, Əmlak Məsələləri Dövlət Komitəsinin sektor müdiri Nurlan Verdiyev, Dövlət İdarəçilik Akademiyasının dekanı, professor Xatirə Hüseynova və akademiyanın dosenti Roza Əliyeva məruzə ilə çıxış ediblər.

Konfransın gündəliyi və seçilmiş istiqamətlər regional inkişafın idarə olunmasında innovativ proseslərin təhlili, perspektiv imkanların öyrənilməsinə həsr edilib. Bu sahədə əldə edilmiş uğurlar və gələcək inkişaf perspektivləri istiqamətində innovasiyaları təqdim etmək istəyən tədqiqatçılar, müəllim heyəti, mütəxəssislər fikir mübadiləsi aparıblar.

Konfransda Milli Məclis, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hərbi Prokurorluq, Əmlak Məsələləri Dövlət Komitəsi, Ombudsman Aparatının Şəki Regional Mərkəzi, Mingəçevir “ASAN xidmət”, Naftalan Şəhər İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti, Beyləqan Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon İcra Hakimiyyəti, Yardımlı Rayon İcra Hakimiyyəti, Tərtər Rayon İcra Hakimiyyəti, Ağdaş Rayon İcra Hakimiyyəti, Zaqatala Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qərb Universiteti və digər qurumların nümayəndələri iştirak ediblər.

Konfrans öz işini sessiyalarla davam etdirib.