loader image

Dia.edu.az

“Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi: Azərbaycan modeli” adlı layihə üzrə orta məktəbdə növbəti tədbir keçiridi
Apr 28 , 2016 – 02:13

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçirilən “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi: Azərbaycan modeli” adlı layihə çərçivəsində 14 aprel 2016-cı il tarixində Bakı şəhəri Nizami rayonu 229 saylı orta məktəbin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbir keçirilib.

Dövlət İdarəçilik Akademiyasının professoru Ç.İsmayılov tədbirdə ilk öncə şagirdlərə 15 sentyabr 2015-ci il tarixində BMT-nin Davamlı İnkişafa həsr olunmuş Sammitində qəbul olunmuş “Yeni Dayanıqlı İnkişaf Gündəliyi – 2030” haqqında ətraflı məlumat verildi. Eləcə də, dünya ölkələrinin inkişaf göstəriciləri, innovativ inkişafa təsir edən amillər, Azərbaycanın davamlı inkişafı, davamlı inkişaf sahəsində kadr potensialının formalaşması, inkişafın ölkə tarixindən asılılığı və innovativ idarəetmə: dövlət proqramlarının milli proqramlara transformasiyası mövzuları ətrafında geniş söhbətlər aparıldı. Eyni zamanda, təqdimatda müasir dünyada – qlobal çağırışların artdığı dövrdə davamlı inkişafın əldə edilməsi üçün görüləcək işlər, qarşıda duran vəzifələr və s. qeyd edildi. Bu sahədə respublikamızda aparılan işlərin növbəti mərhələsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qarşıdan gələn tədris ilində “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə ilk tələbə qəbulunun aparılacağı  şagirdlərin nəzərinə çatdırıldı. Bildirildi ki, davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi yolunda Dövlət İdarəçilik Akademiyasında müvafiq ixtisas üzrə tələbələrin hazırlanması üçün  lazımi şərait yaradılmışdır.

Sonda layihə və yeni yaradılan ixtisasla bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı və qarşılıqlı fikir mübadiləsi aparıldı.