preloader-matrix

Dia.edu.az

DİA-da 31 mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Mart 30 , 2017 – 10:25

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəzdindəki Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Heydər Əliyev Mərkəzi və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 1918-ci ildə ermənilər tərəfindən törədilmiş müsəlman qırğınlarının mahiyyəti, miqyası və nəticələrindən bəhs edən “Yalan haqqında həqiqət” sənədli filmi nümayiş olunub.

“Dəyirmi masa”da DİA-nın rektoru, akademik Urxan Ələkbərov erməni millətçiləri tərəfindən 1918-ci il martın 31-də, eləcə də digər dövrlərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb. U.Ələkbərov qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. O, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə siyasi-hüquqi qiymət verildiyini söyləyib.

Rektor ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə son illərdə erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin çap olunmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna rolundan bəhs edilib.

“Dəyirmi masa”da DİA-nın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov, hüquq kafedrasının dosenti Araz Qədiməliyev, politologiya və siyasi idarəetmə kafedrasının müəllimi Zaur Məmmədov və digər çıxış edənlər ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıblar, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.