loader image

Dia.edu.az

DİA-da Azərbaycan Respublikasının dövlət idarəetmə modelinə həsr olunmuş mühazirə dinlənilib
Sen 19 , 2017 – 04:23

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə DİA-ya 2017- 2018-ci tədris ilində qəbul olunmuş birinci kurs tələbələri ilk mühazirəni dinləyiblər.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının dövlət idarəetmə modeli: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda mühazirə söyləyib.

Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışan rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Akademik U.Ələkbərov bu gün əldə edilən nailiyyətlərin əsasında dövlətimizin başçısının həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını diqqətə çatdırıb. O, ölkənin innovativ inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulayıb.

Rektor ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədinin dövlət idarəetmə sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi olduğunu bildirib.

Azərbaycanda qazanılan nailiyyətlərdən bəhs edən U.Ələkbərov ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəflərini, eləcə də davamlı inkişafa təsir göstərən amilləri müqayisəli təhlil edib. Akademik Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edib, respublikamızın inkişaf göstəricilərinin beynəlxalq təşkilatların, o cümlədən BMT, UNESCO, Dünya Bankının rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını diqqətə çatdırıb. Rektor qeyd edib ki, 2017-ci ilin martında BMT-nin və 2017-ci ilin mayında Dünya Bankının dərc etdirdiyi hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə Azərbaycan hazırda dünya liderləri sırasındadır. Eyni zamanda, sosial göstəricilərdən söz açan akademik beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, Azərbaycanın bu baxımdan da sürətlə inkişaf etdiyini və bir sıra inkişaf etmiş dövlətləri geridə qoyduğunu bildirib.

Ölkənin davamlı inkişafının əsas amilinin insan potensialı olduğunu vurğulayan akademik U.Ələkbərov qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilmiş yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər də bu mövzuya həsr olunub. 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Azərbaycan həmin tədbirlərdən çox əvvəl davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul edib. Respublikamızın “Böyük yeddilik” ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik bildirib ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi və torpaqlarımızın 20 faizinin düşmənin işğalı altında olduğu hazırkı dövrdə qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılan uğurların miqyası daha böyük olardı.

Sonra akademik U.Ələkbərov tələbələrin suallarını cavablandırıb.