loader image

Dia.edu.az

DİA-da “Dövlət idarəçiliyi haqqında. Pekin-2014” kitabının təqdimatı olub
İyn 07 , 2016 – 01:03

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında (DİA) Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Dövlət idarəçiliyi haqqında. Pekin-2014” kitabının təqdimatı olub.

Tədbirdə Milli Məclisin deputatları, DİA-nın müəllim və tələbələri, media nümayəndələri iştirak ediblər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilən tədbirin əhəmiyyətini qeyd edib, kitabın məziyyətindən danışıb. Rektor bildirib ki, bu nəşr dünyanın ən qədim ölkələrindən olan, dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik Çində müvafiq istiqamətdə əldə edilmiş nailiyyətlərlə bağlı məlumat almaq üçün önəmli vasitədir.

U.Ələkbərov diqqətə çatdırıb ki, yoxsulluğun səviyyəsinin bir çox inkişaf etmiş ölkələrdən daha aşağı olduğu Çində dövlət idarəçiliyində iqtisadi və sosial elementlərin hər zaman diqqət mərkəzində saxlanılması dinamik tərəqqinin əsasını təşkil edir. Bu kitab vasitəsilə, həmçinin Çinin inkişafının müasir istiqamətləri barədə maraqlı məqamları öyrənmək mümkündür.

Çinin Azərbaycandakı səfirliyinin müşaviri Li Cinsonq ölkələrimiz arasındakı əlaqələrdən söz açıb, bu cür tədbirlərin təşkilinin münasibətlərimizin daha da möhkəmlənməsinə təkan verdiyini bildirib. Ölkəsinin idarəçilik sisteminin elementlərindən danışan diplomat qeyd edib ki, təqdim olunan nəşr Çinin dövlət idarəçiliyinin özünəməxsus xüsusiyyətlərini araşdırmaq, yeni dövrdə ölkənin gələcəyə baxış mövqeyini müəyyənləşdirmək baxımından yaxşı imkan yaradır.

Xarici İşlər Nazirliyinin informasiya və ictimai əlaqələr idarəsinin rəisi Cavanşir Məmmədov bildirib ki, Çin Azərbaycan ilə ikitərəfli münasibətlərin genişləndirilməsinə hər zaman önəm verib. Ölkələrimiz arasında bütün sahələrdə sürətlə inkişaf edən əlaqələr var. Xüsusilə iqtisadi əməkdaşlığın tərəqqisi nəzərə çarpır. Dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri bu münasibətlərin çoxşaxəli olmasına töhfəsini verir. Xarici siyasətdə Azərbaycan ilə Çinin mövqeyi bir çox məsələlərdə üst-üstə düşür. Çin hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib.

Kitab haqqında məlumat verən C.Məmmədov dünyanın müxtəlif ölkələrində nəşrin təqdimatının keçirildiyini vurğulayıb. Qeyd edilib ki, Çin rəhbərliyinin dünyaya, ölkənin gələcək inkişafına baxışı kitabda olduqca sadə dildə əksini tapıb. Nəşrlə tanış olan hər kəs Çinin daxili və xarici siyasəti, inkişaf istiqamətləri, idarəçilik strukturu və bu kimi digər mövzular barədə ətraflı məlumat əldə edə bilər.

Tədbirdə Milli Məclisin deputatları Elman Nəsirov, Musa Qasımlı, Aydın Mirzəzadə, Çingiz İsmayılov kitab haqqında fikirlərini bölüşüblər. Dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik Çinin müasir inkişaf konsepsiyası və idarəçilik strukturu ilə tanış olmaq baxımından önəmli mənbə sayılan bu nəşr yüksək dəyərləndirilib.

“Dövlət idarəçiliyi haqqında. Pekin-2014” kitabında əsasən müasir Çində baş verən iqtisadi-sosial dəyişikliklər və inkişaf prosesləri, dinamik tərəqqi dövrü yaşayan bu ölkəyə dünya birliyinin münasibəti, Çin Kommunist Partiyasının baş katibi Si Cinpinin dövlət idarəçiliyi sisteminin müasirləşdirilməsi sahəsindəki yeni ideyalar və s. məqamlar əksini tapıb. Nəşrdə 2012-2014-cü illər ərzindəki çıxışlar, görüşlər, mühazirələr, qətnamə mətnləri, təbrik məktubları və digər materiallar yer alıb. Kitab 18 tematik hissədən ibarətdir və hər bir hissə xronoloji ardıcıllıqla hazırlanıb. Nəşrdə, həmçinin Si Cinpinin müxtəlif dövrlərdə çəkilmiş 45 fotoşəkli yer alıb.