preloader-matrix

Dia.edu.az

DİA-da tələbələrin yeni “Ekosivil Dünya” klubu fəaliyyətə başlamışdır
Apr 25 , 2018 – 11:40

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrası tərəfindən “Ekosivil Dünya” klubunun açılış tədbiri qeyd edilmişdir. “Uğurlu gələcəyin təməli-davamlı İnkişaf” şuarı ilə başlayan klubun ilk tədbirində akademiyanın rektoru akademik Urxan Ələkbərov iştirak etmişdir. Akademik Urxan Ələkbərov öncəliklə bütün tədbir iştirakçılarını salamlamış, gənclərin ölkə ictimaiyyətində daha fəal iştirakını təmin edəcək yeni klubun fəaliyyətini yüksək qiymətləndirmişdir. Natiq, Respublikamızın parlaq gələcəyi naminə davamlı inkişafın hədəflərinə nail olmağın aktuallığını qeyd etmiş və yeni “Ekosivil Dünya” klubuna gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Daha sonra klubun məsləhətçisi, “Davamlı İnkişafın Planlaşdırılması və İdarə Edilməsi” kafedrasının dosenti Elşan Əhmədov klubun sədri Nəzrin Əhmədzadəni və klubun üzvlərini tədbir iştirakçılarına təqdim etmiş, yeni klubun Respublika təhsil müəssisələri sırasında “Davamlı İnkişaf” ixtisası istiqamətində açılan ilk klub olduğunu vurğulayaraq bu cür resursun gələcək davamlı inkişaf naminə böyük töhvə verəcəyini qeyd etmişdir. O, tələbələrə göstərilən daim qayğı və diqqət üçün Akademiya rəhbərliyinə öz təşəkkürünü bildirdi.  Daha sonra söz klubun sədri Nəzrin Əhmədzadəyə verildi. Klubun sədri hamını salamlayaraq öncəliklə klubun açılışında əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi və klubun gələcək fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Tədbirdə akademik Urxan Ələkbərov məruzə ilə çıxış etmişdir. Öz çıxışında Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində dövlət siyasətinin yüksək səmərəliliklə planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd edən akademik, onlar arasında idarəçilik sahəsi üçün mühüm olan sinergetik, komplimentar və kompensasion texnologiların xüsusi yer tutduğunu vurğuladı. Natiq ölkənin innovativ tərəqqisinin əsası kimi insan potensialının formalaşdırılması konsepsiyasının reallaşdırılmasında Heydər Əliyev Fondunun rolu məruzədə xüsusi vurğulandı. Fondun gerçəkləşdirdiyi proqramlar, qurumun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyələrdə fəaliyyəti ölkənin innovativ tərəqqisinə və Azərbaycan Respublikasının layiqli imicinin formalaşdırılmasına qiymətsiz töhfə olduğu diqqətə çatdırıldı. Məruzə, günümüzdə getdikcə aktual məsələyə çevrilən “davamlı inkişaf”ın mahiyəti, davamlı inkişafa nail olmaq üçün dünya ölkələrində, eləcə də, Azərbaycanda görülən işlər, davamlı inkişafa nail olunması üçün cəmiyyətin bu sahə ilə bağlı maarifləndirilməsi kimi mövzuları əhatə etmişdir. Məruzədən sonra  tələbələri maraqlandıran suallar cavablandırıldı.