Dia.edu.az

DİA-da yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti təlim keçirilib

Dövlət İdarəçilik Akademiyasının (DİA) Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu yerli icra hakimiyyətlərinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin müdirləri və əməkdaşları üçün növbəti onlayn təlim keçirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən yerli icra hakimiyyətlərinin əməkdaşları üçün tarixi zəfərdən sonra ölkəmizin daxil olduğu yeni tarixi inkişaf mərhələsinə həsr olunub.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov daim yenilənən “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı məruzə ilə çıxış edib. Akademik Urxan Ələkbərov müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb. Rektor qeyd edib ki, bu gün dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir çox uğurlara imza atılıb. U.Ələkbərov müstəqil ölkəmizin uğurlu inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu diqqətə çatdırıb.

Akademik 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıb. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun, vətənpərvər gənclərinin qəhrəmanlığını, mübarizliyini xüsusi vurğulayıb. Daha sonra rektor Urxan Ələkbərov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, ölkəmizin müstəqillik əldə etdikdən bu günədək qazanılan siyasi, iqtisadi, hərbi uğurlarından, prioritetlərindən, inklüziv inkişafın idarə edilməsi sahəsindəki ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.

Təlim diskussiya formatında davam edib və uğurla başa çatıb.