preloader-matrix

Dia.edu.az

DİA Debat Klubunun yaranmasının 10 illiyinə həsr edilmiş turnir başa çatmışdır
Apr 05 , 2016 – 11:24

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Debat Klubunun yaranmasının 10 illiyi münasibətilə “Parlament Debatları” formatı üzrə “The Decaders” açıq debat turniri keçirilmişdir 02 – 03 aprel tarixlərində Dövlət İdarəçilik Akademiyasında 11 universitetdən Azərbaycan və rus bölməsi üzrə yüzə yaxın debatçının iştirakı ilə turnir təşkil olunmuşdur.

Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayevin açılış nitqi ilə start götürən turnirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsi rəisi Qüdsi Bayramov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə və Debat Klub prezidenti Cavid Abdullayev öz ürək sözlərini və turnir barədə təəssüratlarını bölüşmüşlər. İki günlük debat marafonunda iştirakçılar “Əlillərin sosial-iqtisadi həyat şəraiti daha da yaxşılaşdırılmalıdır” mövzusunda fikir mübadiləsi aparmışdır. Hər bir mərhələdə fərqli universitetlərin debat klubları arasında baş verən bir-birindən maraqlı oyunların yekununda hər iki bölmə üzrə finalçılar müəyyən olunmuşdur. Azərbaycan bölməsi üzrə final oyununda Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin “Hidrazon” və Bakı Dövlət Universitetinin “KaNNkret” komandaları qarşılaşmış və hakimlərin yekun rəyinə əsasən “Hidrazon” komandası turnirin çempionu adını qazanmışdır. Analoji olaraq rus bölməsi üzrə keçirilən final mərhələsində ev sahibi Dövlət İdarəçilik Akademiyasının 2 komandası qarşılaşmış və nəticəyə əsasən “İnfinite ComeBack” komandası turnirin qalibi olmuşdu. “The Decaders” turnirinin ən yaxşı natiqləri, Azərbaycan bölməsi üzrə Kamal Ağayev, rus bölməsi üzrə Elnur Məmmədli seçilmişdir. Respublika debatının ən güclü nümayəndələrinin bir araya gəldiyi debat yarışı müvəffəqiyyətlə yekunlaşdırlmışdır.