preloader-matrix

Dia.edu.az

Dövlət Bayrağı Gününə və Konstitusiyamızın 20 illiyinə həsr olunan elmi-praktiki konfrans
Noy 10 , 2015 – 10:57

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət suverenliyinin əsas atributları – Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 20 illiyinə və Dövlət Bayrağı Gününə həsr olunan elmi-praktik konfrans keçirilib. Tədbir Heydər Əliyev Mərkəzi və DİA-nın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə DİA-da Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılmış Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində Ulu Öndərin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.

Elmi-praktik konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov dahi rəhbər Heydər Əliyevin şanlı həyat yolundan, Ümummilli Liderin memarı olduğu müasir müstəqil Azərbaycanın təşəkkülü və tərəqqisi yolunda fəaliyyətindən bəhs edib.

Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova və hakimləri Rövşən İsmayılov, Kamran Şəfiyev, DİA-nın kafedra müdirləri Fəxrəddin Nağıyev və Oruc Məmmədov, məruzələrlə çıxışlar ediblər.

Bildirilib ki, bütün həyatını Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması olub. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə təsis edilmiş ilk Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi üçün əvəzsiz xidmətlərindən biridir. Dahi şəxsiyyət Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik edib, dəfələrlə layihənin açıq müzakirəsini keçirməklə onun müasir dəyərləri özündə ehtiva edən ən mükəmməl formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib.

Diqqətə çatdırılıb ki, Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir. Eyni zamanda, xüsusilə qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici

siyasəti, ölkəmizin dünya birliyində layiqli yer tutması, respublikamızda aparılan yeni abadlıq-quruculuq işləri ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamı kimi qiymətləndirilir.