preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Noy 04 , 2014 – 01:21

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. 

Elmi-praktik konfransı Akademiyası rektoru, akademik Urxan Ələkbərov açaraq, Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını xatırlatmış, onun xalqımızın tarixi şəxsiyyətlərinin xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərdiyini bildirmişdir. Rektor Azərbaycanın görkəmli dövlət və ictimai xadimlərindən biri olan Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşmüşdür. Rektor qeyd etmişdir ki, Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıb.

Elmi-praktik konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının müəllimləri “Tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, Rəna Bayramova Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti, “Fəlsəfə” kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov Əli bəy Hüseynzadə siyasi türkçülüyün görkəmli xadimidir, “Tarix” kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsəri haqqında məruzələrlə çıxış etmişlər. Digər çıxışçılar da öz nitqlərində zaman keçdikcə tariximizin səhifələrinin yad etməyin, gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişlər. Çıxışlarda Ə.Hüseynzadənin bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışması, onun dövrünün ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələrinin formalaşmasında əhəmiyyətli rol oynadığı diqqətə çatdirilmişdır. Sonda I kurs tələbəsi Nigar Osmanova Əli bəy Hüseynzadənin şeirini ifa etmişdir.