preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Əlimərdan Bəy Topçubaşov. …Xalqımızın müstəqil yaşayacağına inanırdıq” adlı kitabın təqdimatı keçirilib
Sen 26 , 2018 – 09:16

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin tərcümə və tərtib etdiyi “Əlimərdan Bəy Topçubaşov. …Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı və 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində o dövrə işıq salan kitabların əhəmiyyəti olduqca böyükdür.

Akademik U.Ələkbərov xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirdiyini diqqətə çatdırıb. Eyni zamanda Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisi olduğunu bildirmişdir.

Rektor Əlimərdan bəy Topçubaşovun Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərindən danışıb onun müstəqilliyimizin tanınması, dünya dövlətləri tərəfindən qəbul edilməsi yolunda əzmlə çalışdığını qeyd edib. Kitabın dövlət idarəçiliyi sahəsində DİA-da təhsil alanlar üçün də dəyərli vəsait olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən professor V.Quliyev kitabın ərsəyəgəlmə prosesi barədə məlumat verib, Əlimərdan Bəy Topçubaşovun siyasi-publisistik irsinin Azərbaycan oxucusuna təqdim edilməsinin əhəmiyyəti barədə danışıb. …Xalqımızın müstəqil yaşayacağına inanırdıq kitabında Əlimərdan Bəy Topçubaşovun məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsi haqqında ətraflı şərh verən V.Quliyev DİA-nın professor-müəllim və tələbə heyətinə təşəkkürünü bildirib.  

Kitabla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyası Siyasi araşdırmalar institutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Dövlət İdarəçilik Akademiyası “Siyasi idarəetmə” fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının professoru Solmaz Rüstəmova-Tohidi, Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının professoru Havva Məmmədova, Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, və digərləri qeyd ediblər ki, aktual mövzuları əhatə edən əsərləri ilə vaxtaşırı oxucuların diqqətini cəlb edən professor Vilayət Quliyevin fəaliyyətini yüksək qiymətləndiriblər və onun fəaliyyəti ilə ərsəyə gələn kitabların tarixçilər, diplomatlar, politoloqlar üçün dəyərli mənbə olacağını qeyd ediblər. Çıxışlarda V.Quliyevin AXC dövrü ilə bağlı mütəmadi araşdırmalar apardığını, onun tədqiqatlarında elmi faktların üstünlük təşkil etdiyini və xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini, ədəbiyyatını layiqincə təbliğ və təmsil etdiyini vurğulayıblar.