preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda kulturologiya və yüksək mədəniyyətin inkişafı» mövzusunda onlayn təlim keçirilib

19 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçularından ibarət əməkdaşları üçün “Azərbaycanda kulturologiya və yüksək mədəniyyətin inkişafı» mövzusunda onlayn təlim keçirilmişdir. Dinləyicilər qarşısında DİA-nın “Tarix” kafedrasının professor, tarix elmləri doktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov çıxış etmişdir. Təlimin əsas məqsədi Azərbaycanda kulturologiya və yüksək mədəniyyətin inkişafı haqda dinləyicilərə məlumat vermək olub.  Professor F.Məmmədov qeyd edib ki, mədəniyyət elmi nöqteyi nəzərdən insanın ağlı və qəlbi nəticəsində yarananların hamısıdır. Eyni zamanda natiq müasir dünya dövlətlərinin kulturaloji dəyərlərinin müqayisəsindən, meritokratiyanın dörd əsas amilindən, insanın bacarıqları və qabiliyyəti, biliyi və peşəkarlığı, insani keyfiyyətləri, konkret əməyin konkret nəticələri və bəşəriyyət qarşısında xidmətləri və s. kimi əhəmiyyətli məsələlərə də toxunub.

Təlimdə qeyd olunub ki, mədəniyyətin özü yaradıcı bir prosesdir. İnsan potensialının aparıcı qüvvəsi isə yüksək mədəniyyətli insandır. Azərbaycan Respublikasının məqsədi yüksək mədəniyyətli insanların formalaşmasına nail olmaq, insan potensialını inkişaf etdirməkdir. Təlim qarşılıqlı fikir mübadiləsi ilə davam edib.