preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Çin Xalq Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilmişdir
May 22 , 2017 – 03:47

22 may 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə tələbə və müəllimlərin görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, akademik Urxan Ələkbərov qonaqları salamlamış, ölkələrimiz arasında münasibətlərin ilbəil inkişaf etməsini qeyd etmişdir. Çinin dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik olduğunu bildirən rektor, dövlət idarəçiliyi sahəsində elmi-nəzəri məsələlərin öyrənilməsinin əhəmiyyətini vurğulamışdır.

          Tədbirdə çıxış edən səfir Vey Cinhua görüşü yüksək qiymətləndirmiş və bunun ölkələrimiz arasında elmi sahədə münasibətlərin gələcək inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. Daha sonra qonaq  Çin-Azərbaycan münasibətləri haqqında məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulduğu 25 il ərzində Azərbaycan-Çin əlaqələri həmişə sağlam məcrada inkişaf etmiş, Çin tərəfi daim Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmişdir.

Daha sonra cənab səfir Çində keçirilən “Bir kəmər-bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində keçirilən beynəlxalq forumda Azərbaycanın nümayəndə heyətinin yüksək səviyyədə iştirak etdiyini bildirmişdir. Çıxışının sonunda səfir çoxsaylı sualları cavablandırmış və səmimi dostluq şəraitində keçən görüşə görə akademiya rəhbərliyinə və kollektivinə öz dərin minnətdarlığını bildirmişdir.