Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında doktorant və dissertantların elmi-praktiki konfransı keçirildi

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Elmi təşkilat və beynəlxalq əlaqələr” şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik ideyaları və Vətən müharibəsində tarixi Qələbəmizi şərtləndirən əsas amillər” mövzusunda  doktorant və dissertantların elmi-praktiki konfransı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan DİA-nın rektoru akademik Urxan Ələkbərov Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün ölkəmizdə hər il olduğu kimi böyük ehtiramla qeyd edildiyini vurğuladı. Akademik U.Ələkbərov dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edərək, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd etdi. Natiq Azərbaycanın bu gün əldə etdiyi uğurların əsasında Ulu öndərin siyasi və mənəvi irsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyinin dayandığını konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Daha sonra konfransda cıxış edən DİA-nın doktorant və dissertantları “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti”, “Heydər Əliyev və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “Tarixi zəfərə aparan Heydər Əliyevin dövlətçilik ideyaları”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xalqımızın milli həmrəyliyində rolu”, “Prezident İlham Əliyev Vətən müharibəsində əldə olunan tarixi zəfərin memarı kimi”, “Azərbaycan Respublikasının dövlət idarəçiliyində innovativ inkişafın təmin olunmasında Prezident İlham Əliyevin rolu”  və s. maraqlı mövzularda məruzələr ilə çıxış etdilər. Konfransın sonunda səsləndirilən məruzələr ətrafında fikir mübadiləsi aparıldı.