Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyev 13 fevral 2020-ci il tarixli 1816 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.8-ci bəndinə uyğun olaraq dövlət qulluqçuları üçün təlimlər keçirir. Bununla əlaqədar olaraq 5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda onlayn formada təlim keçirilib.

Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun mühazirəsi dinlənilib. Rektor Azərbaycanın son illərdə inkişafı ilə bağlı ətraflı məlumat verib. O, ölkəmizdə qazanılan uğurların kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının dayandığını xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdırır.

Rektor bildirib ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdən yüksək olması respublikanın iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir.

Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində respublikamızın yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya ölkələrinə nümunə olmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.

Akademik U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, ölkənin davamlı inkişafı innovativ dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahatların nəticəsidir.

U.Ələkbərov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq tədbirlərinin, dərin islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin gücünün daha da artırılmasının, yüksək rifah cəmiyyətinin qurulmasının, azad edilmiş bölgələrə tarixi Qayıdışın təmin edilməsinin əhəmiyyətini dinləyicilərin diqqətinə çatdırıb.

Təlimin sonunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək Urxan Ələkbərova dolğun mühazirə üçün minnətdarlığını bildirib. O, Dövlət Gömrük Komitəsi və Dövlət İdarəçilik Akademiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirib və gələcəkdə də belə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.