preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans keçirilmişdir
Okt 16 , 2015 – 05:10

Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Müstəqillik gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Dövlət Himninin səslənməsindən sonra konfransı giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünü hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu bildirmiş, bu münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və bayramın ölkəmizlə yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edildiyini bildirmişdir. Natiq qeyd etmişdir ki, Azərbaycan xalqı ikinci dəfə müstəqilliyini elan etdi. Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci ən parlaq qələbə idi.

Rektor qeyd etdi ki, müstəqilliyimizin ilk illərində xalqımız Ulu Öndər Heydər Əliyev kimi görkəmli bir şəxsiyyəti siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. «Müstəqilliyimiz dönməzdir, əbədidir», – deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, güclənir, qüdrətlənir.

Konfransda Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrsının müdiri, professor Nigar Ələkbərova, Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti Elçin Əhmədov məruzə ilə çıxış etmiş, dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən, müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində dövlətin apardığı uğurlu strategiyanın elmi əsaslarından bəhs etmişlər.