preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Korporativ idarəetmə: reallıqlar və perspektiv imkanlar” mövzusunda elmi seminar keçirilmişdir
Apr 20 , 2016 – 03:15

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər  Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Korporativ idarəetmə: realliqlar və perspektiv imkanlar” mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminarın məqsədi son dövrlərdə iqtisadi qloballaşma prosseslərinin dərinləşməsi və  baş verən qlobal maliyyə-iqtisadi böhran şəraitində korporativ idarəetmə sahəsinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı fikir və təcrübə mübadiləsi aparmaqla perspektiv imkanların öyrənilməsidir.

Elmi seminarı giriş sözü ilə DİA-nın rektoru, akademik Urxan Ələkbərov açaraq, ölkənin davamlı inkişafında korporativ idarəetmənin əhəmiyyətini xüsusi qeyd etdi. Bu sahədə əldə edilmiş uğurlarla yanaşı bir çox məsələlərinin həllinin vacibliyini önə çəkərək seminarın əhəmiyyətliliyini vurğuladı. Bank Tədris Mərkəzinin  direktoru  Cavanşır Abdullayev “Korporativ idarəetmə: Azərbaycan təcrübəsi”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacizadə “Korporativ idarəetmə sahəsində Azərbaycan Respublikası  İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər”, Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının dosenti Murad Bağırzadə “Yeni iqtisadi şəraitdə korporasiyaların strateji idarəedilməsinə müasir yanaşmalar” mövzuları ətrafında təqdimatlar etdilər.

Sonra elmi seminarın işində  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Bank Tədris Mərkəzi (ABTM), Qafqaz Strateji Tədqiqatlar İnstitutu,AMEA İqtisadiyyat İnstitutu, TuranBank, YapıKredi Bank, AFBBank, Azərbaycan Sənaye Bankı (ASB) və DİA-nın professor-müəllim heyəti, magistrant və doktorantların iştirakı ilə aktiv müzakirələr aparılmış, perspektiv imkanlar öyrənilmişdir. Elmi seminarda təşkilatlarla elmi istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilmişdir.