preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqamətləri üzrə ixtisasartırma kursu keçirilir
Fev 28 , 2017 – 11:21

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursu keçirilir. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb ediliblər.

“Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunun əsas məqsədi ümummilli lider Heydər Əliyev siyasi multikulturalizmin banisi kimi, davamlı insan inkişafı və multikulturalizm, multikulturalizmin sosial-fəlsəfi təhlili, vətəndaşın mənəvi immunitetinin formalaşması və s. kimi aktual  mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev mühazirəsində qeyd edib ki, ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan ölkə kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar. Akademik Kamal Abdullayev çıxışında multikulturalizm ənənələri haqqında fikirlərini bölüşüb: “Bu gün Azərbaycan multikulturalizmindən danışarkən ulu öndər Heydər Əliyevin “Multikulturalizm Azərbaycan xalqının canına, qanına xas olan bir dəyərdir” sözlərindən çıxış edirik. Prezident İlham Əliyevin xalqın milli dəyərlərinə sadiq qalaraq 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dövlətimizin hər bir vətəndaşının dünya dəyərlərinə hörmətlə yanaşmasının göstəricisidir. Azərbaycanda yaşayan müxtəlif millətlərin və konfessiyaların nümayəndələri bir-biri ilə ahəngdar rəftar edirlər. Bu gün Azərbaycan cəmiyyəti dünyanın aparıcı cəmiyyətləri sırasında qərarlaşır. Bunun nəticəsidir ki, dünya xalqları və ölkələri tərəfindən Azərbaycana diqqətcil münasibət göstərilir. Azərbaycan multikulturalizmi Portuqaliyadan tutmuş İndoneziyayadək müxtəlif ölkələrin universitetlərində tədris edilir. Bu da xalqımızın mədəniyyətinin, ictimai-siyasi həyatının, ədəbiyyatının, dilinin və dininin öyrənilməsi deməkdir. Bu gün Avropanın bir sıra ölkələri multikulturalizmdən imtina ediblər. Bu, multikulturalizmə olan bədbin münasibətin nəticəsidir. Dövlətimizin başçısının ölkəmizdə multikulturalizmi dövlət siyasəti elan etməsi multikultural həyatın nikbin ruhunu müəyyənləşdirir. Belə ki, multikultural cəmiyyətdə insan inkişafı və resursların idarəedilməsi və bu yöndə atılan addımlar da təqdirəlayiqdir.

Mart ayının 4-dək davam edəcək kurslarda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçilərindən ibarət dövlət qulluqçuları bu sahədə fəaliyyət göstərən ekspertlərin mühazirələrini dinləyəcəklər.