preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Müstəqillik dövründə ailə siyasətinin formalaşması – ənənələr, perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib
May 12 , 2016 – 03:12

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 15 may – Beynəlxalq Ailə Günü ərəfəsində “Müstəqillik dövründə ailə siyasətinin formalaşması – ənənələr, perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransın tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, milli-mənəvi dəyərlərimizin təbliği, gənc nəslə vətən, millətə sevgi hisslərinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə təşkil olunduğunu bildirib.

Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, Azərbaycan ailələri möhkəmliyi və adət-ənənələrə sadiqliyi ilə hər zaman seçilib. Lakin müasir Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Son illər ailələr bir sıra problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunmaqdadır. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Son statistik hesablamalara görə, hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə var. Komitə sədri onu da qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu gün Azərbaycan dövləti tərəfindən – həm parlament, həm də hökumət səviyyəsində ailə proseslərini tənzimləyən qanunlar mövcuddur. Ailə dəyərlərinin qorunmasına bu qanunlar öz töhfəsini verir. “Biz ailə institutunu qorumalıyıq. Cəmiyyətin müvafiq təbəqələrinin birgə səyləri nəticəsində bu sahədəki problemləri aradan qaldıra bilərik. Eyni zamanda, biz çalışmalıyıq ki, uğurların qazanılmasında Azərbaycan ailələrinin yaxından iştirakını təmin edək. Biz hamımız ailənin hər bir insanın, cəmiyyətin və ölkənin həyatında necə mühüm əhəmiyyət daşıdığını bilirik. Məhz ailə hər bir insan üçün sevgi və dayaq mənbəyidir. Ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə – hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir”, – deyə B.Muradova bildirib.

Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan ailə mədəniyyətinin zəngin nümunələri ilə dünyada tanınan ölkələrdəndir. Yaşlılara, qadınlara, analara və uşaqlara qayğı – bizim xalqın ən gözəl xüsusiyyətlərindəndir. Ailə, qadın və uşaq sahəsində aktiv və hərtərəfli dövlət siyasəti ilk növbədə gender bərabərliyi və ailə siyasətində sosial məsuliyyətin milli mexanizmlərinin əsasını qoymuş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

B.Muradova diqqətə çatdırıb ki, Azərbaycanın müasirləşdirilməsi və sürətli inkişafına istiqamətlənmiş dövlət siyasəti ailə maraqlarını nəzərə almadan heç vaxt reallaşa bilməzdi. Dünya dəyişir və onun ilk baxışdan əbədi görünən dəyərləri transformasiyaya uğrayır. Hazırda Qərb dünyasında dərin ailə böhranı yaşanır. Klassik, ənənəvi ailə arxa plana atılır. O deyib ki, Azərbaycan ailənin qorunması və milli ənənələrin saxlanması üçün geniş spektrdə ehtiyatlara malikdir. Azərbaycan Respublikasında ailə, ana, ata və uşaqların dövlət dəstəyi tam təmin olunur. Müasir ailə problemləri müxtəlif şaxəliliyi ilə seçilir. Odur ki, ailə institutuna dayaq məqsədilə bütün resurslarında istifadə olunmalıdır.

Dünyada gedən qloballaşma prosesinin ölkəmizdən də yan keçmədiyini söyləyən Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva deyib: ”Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan əgər tarixə də nəzər salsaq, görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynayıb. Ailə dəyərlərinin sağlamlığı son nəticədə bütövlükdə cəmiyyətin də sağlam düşüncəyə malik olması deməkdir. Artıq ailə dəyərlərinin qorunub saxlanması tək bir ailə, yaxud bir nəslin borcu olmaqdan daha çox ümumilikdə cəmiyyətin vəzifəsinə çevrilib. Bu vəzifənin düzgün dərki və keyfiyyətli yerinə yetirilməsi isə xüsusilə kütləvi informasiya vasitələrinin sözügedən prosesdəki rolundan asılıdır. “Ailənin dəyərlərinin insana aşılanması prosesinə onun həyatı qavramağa başlaması anından start verilir. Elə KİV-lərin şəxsiyyətin formalaşması prosesində rolu da insanın kiçik yaşlarından başlayır. Məsələn, bu gün cizgi filminə baxmayan hansısa uşağın olduğunu təsəvvür etmək belə çətindir. Burada KİV-lərin əsas vəzifəsi ailə dəyərlərinə zidd olmayan şəkildə tərbiyəedici funksiya seçməkdir. Ailə dəyərlərinin qorunub saxlanması KİV-lərdən birbaşa asılı məsələlərdəndir”, -deyə S.Vəliyeva bildirib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova çıxışında Azərbaycanda ailə institutunun daim təkmilləşdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə Azərbaycan ailəsinin dövlətin qayğısı ilə tam əhatə olduğunu qeyd edib. Bildirib ki, şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. Lakin bu prosesdə ailənin rolu həlledicidir.

Ailə, Qadın və Uşaq Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransın sonunda “Azərbaycan ailəsi” adlı kitab təqdim olunub.