preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında növbəti elmi-metodiki seminar keçirilmişdir

10 aprel 2014-cü il tarixində Azərbaycan  Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik  Akademiyasında “Dövlət idarəçiliyində innovasiyaların idarə olunması” mövzusunda elmi-metodiki seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq  qloballaşmanın  həyatımıza  gətirdiyi  innovasiyaların  dövlət strukturuna, vətəndaş cəmiyyəti institutlarına, iqtisadi və sosial sahələrə, elm, təhsil və mədəniyyətə, bütövlükdə  insanların  həyat  tərzinə təsir edən əsas amillərdən birinə çevrildiyini vurğulamışdır. Rektor bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin  bu innovasiyaların verdiyi üstünlüklərdən  geniş  faydalandığından söhbət  açaraq  demışdir ki, artıq  bəşəriyyətin və bütövlükdə  dünyanın  xilası innovativ idarəçilikdən yaşıl iqtisadiyyata  gedən yol olduğu heç kimdə şübhə doğurmur. Məhz bunun nəticəsidir ki, uğurlu innovativ inkişafın Azərbaycan modeli beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Daha sonra rektor Akademiyaya dəvət olunmuş dövlət idarəçiliyində innovasiyaların idarə olunması sahəsində beynəlxalq səviyyəli alim, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun sabiq rektoru, Beynəlxalq Dövlət İdarəçiliyi Məktəb və İnstitutları Assosasiyasının (International Association of Schools and Institutes of Administration) (IASIA) idarə heyətinin üzvü professor Eyyub  İsbiri salamlamış və  qeyd etmişdir ki, DİA-da  keçirilən elmi-metodiki seminarlara dünya şöhrətli alimlərin dəvət olunması beynəlxalq  təcrübənin öyrənilməsinə və Akademiyanın elmi potensialının səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. 

Seminar iştirakçılarını salamlayan professor Eyyub  İsbir “Dövlət idarəçiliyində innovasiyaların idarə olunması”  mövzusunda mühazirəsində geyd etmişdir ki, sərhəd tanımayan qloballaşma bizim iradəmiz xaricində ortaya çıxan bir fenomendir. O, qloballaşmanın iqtisadiyyata, siyasətə və mədəni həyata təsirlərindən  söhbət açaraq dövlətlərin buna hazır olmalarını vurğuladı. Natiq qeyd etdi ki, qloballaşma dövlət idarəçilik sahəsinə yeni terminlər gətirmişdir: “Yeni dövlət idarəçiliyi”, “Yaxşı idarəçilik”, “Mübadilə idarəçiliyi”, “Öyrənən və matriks təşkilatlar”  və s. bu kimi terminlər dövlət idarəçiliyinə həm də özəl sektorun bütün sahələrinə informasiya texnologiyaları vasitəsi ilə daxil olur və öz təsirini göstərir. Professor Eyyub İsbir həmçinin gələcək transformasiyalarda “Elektron Dövlət” və “Sosial media”-nın vacib rolu olduğunu diqqətə çatdırmışdır. Daha sonra mövzu ətrafında müzakirələr başlamışdır. Akademiyanın “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri, dosent N.Qarayev, həmin kafedranın dosenti S.Qurbanova, “Fəlsəfə və sosial psixologiya” kafedrasının dosenti  B.Haqverdiyev,  DİA-nın  tələbə  və müdavimləri  qonağa dərin məzmunlu mühazirəyə görə təşəkkür etmiş və mövzu ətrafında onları maraqlandıran suallar vermişlər. Çıxışının  sonunda  Azərbaycanı  ikinci  evi  olduğunu və özünü doğmaları arasında hiss etdiyini deyən qonaq  DİA-nın rektoru  akademik U.Ələkbərova dəvət üçün minnətdarlığını bildirmiş, bu cür seminarların dinləyicilərlə birlikdə mühazirəçilər üçün də faydalı olduğunu vurğulamışdır.