preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Respublika Gününə həsr olunmuş “dəyirmi masa”
May 29 , 2015 – 04:31

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 28 May – Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətindən danışıb.

Rektor 1991-ci ildə dövlət müstəqilliyimizin bərpa olunduğunu diqqətə çatdırıb, müasir müstəqil dövlətimizin yaranmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva “Heydər Əliyev dövlətçilik irsinin tədqiqi və təbliğində Heydər Əliyev Mərkəzinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəsna tarixi xidmətlərindən, dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışan M.Mehdiyeva Ümummilli Liderin şəxsiyyətinə bütün dünyada böyük maraq göstərildiyini vurğulayıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev şəxsiyyətinə maraq zaman-zaman daha da artacaqdır.

Heydər Əliyev dövlətçilik irsinin tədqiqi və təbliğində Heydər Əliyev Mərkəzinin rolundan bəhs edən məruzəçi bildirib ki, Mərkəzdə “Heydər Əliyev və Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycan dövlətçilik tarixi”, “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” və digər mövzularda keçirilən respublika bilik yarışmaları, müsabiqələr böyük maraq doğurub.

M.Mehdiyeva Azərbaycanın regionlarında Heydər Əliyev mərkəzlərinin yaradılmasında Mərkəzin rolunu diqqətə çatdırıb. Qeyd olunub ki, Mərkəzin köməkliyi ilə Qax, Şəmkir, Sabirabad, Gəncə, Salyan, Biləsuvar, Ağdaş, Neftçala, Şəki, Oğuz, Goranboy şəhərlərində, Bakıdakı 23 nömrəli tam orta məktəbdə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Sumqayıt Dövlət Universitetində və digər qurumlarda Heydər Əliyev Muzeyi və məktəbləri yaradılıb.

Heydər Əliyev siyasi irsinin əhəmiyyətindən danışan M.Mehdiyeva bu zəngin irsin daha da dərindən araşdırılmasının və öyrənilməsinin vacibliyini vurğulayıb.

DİA-nın əməkdaşları Firdovsiyyə Əhmədovanın “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilkin modern dövlətçilik nümunəsidir”, Çingiz İsmayılovun “Azərbaycan Respublikasının sosial-iqtisadi uğurları” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər AXC-nin tarixi barədə məlumat verərək bildiriblər ki, cəmi 23 ay yaşamasına baxmayaraq, cümhuriyyət dövründə çox önəmli işlər görülüb.

Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan natiqlər müstəqil ölkəmizdə qazanılan nailiyyətlərdən danışıblar.