preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilib

Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycançılıq ideyasını və milli həmrəyliyi hər zaman uca tutan görkəmli dövlət xadimi” mövzusunda videokonfrans keçirilib.

DİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə akademiyanın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, zəngin dövlətçilik təcrübəsindən danışıb. Rektor 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan xilas olaraq böyük inkişaf yoluna çıxdığını və ümummilli liderin hakimiyyətə qayıdışının Azərbaycan tarixində mühüm siyasi hadisə, dövlətçiliyin xilas edildiyi gün kimi qiymətləndirib. Hələ XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev böyük uzaqgörənliklə qətiyyət və müdriklik nümayiş etdirərək xalqımızın tarixi yaddaşının qorunmasına, o cümlədən Azərbaycanın bütün dünyada tanınmasına çalışmışdır. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının uğurlu nəticələrindən bəhs edən rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Ölkənmizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulayıb. Bununla yanaşı, rektor bildirib ki, bugünkü Qələbələrimizin təməlində məhz Ulu Öndərin əsasını qoydugu siyasətin dinamik şəkildə inkişaf etdirilməsi, ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.

Sonra çıxış edən DİA-nın Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov bilidib ki, Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Elçin Əhmədov vurgulayıb ki,  Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Bu gün ideo­lo­ji də­yər­ləri, Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi Ümümmilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançı­lıq, milli birlik və həmrəylik ideya­sı­ Azərbaycan Preziden­ti İl­ham Əli­yev tə­rə­­fin­­dən qo­ru­nur və ölkəmizin milli maraqları hər zaman üca tutulmaqla uğur­la inkişaf etdirilir. Nəticədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev ıxışında bildirib ki, xalqımız əsrlər boyu milli azadlıq hüququnu təmin etmək, müstəqillik haqqına nail olmaq arzusu ilə yaşamışdır. Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev, ötən yüzilliyin sonunda Azərbaycan xalqının bu fundamental haqqını gerçəkliyə çevirdi. Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Isaxan Vəliyev ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, siyasi irsinin əhəmiyyətindən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışb. Bildirilib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına töhfələr verməkdədir.