preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında www.1918pogroms.com saytının təqdimatı olmuşdur

Aprelin 22-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan bakalavr, magisrt, dissertant və dövlət qulluğu sistemində çalışaraq ixtisaslarını artıran gənc müdavimlər üçün yeni istifadəyə verilən www.1918pogroms.com internet saytının geniş təqdimatı keçirilmişdir.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri dos. Firdovsiyyə Əhmədova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyası “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti Elçin Əhmədov, internet saytın yaradılmasına texniki dəstək verən Əli Hacızadə və digərləri çıxış edərək sayt haqqında fikirlərini bölüşmüş, belə bir saytın ərsəyə gətirilməsini yüksək qiymətləndirmiş, onun tarixçilər, bu sahənin tədqiqi ilə məşğul olan elm adamları və təhsil alanlar üçün faydalı vəsait olduğunu vurğulamışlar. Çıxış edənlər qeyd etmişlər ki, təqdim edilən internet saytının materialları, tamamilə rəsmi sənəd və faktlara əsaslanır və 1918–ci il ərzində erməni hərbi dəstələrinin, tarixi Azərbaycan torpaqlarında əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə və kütləvi qırğın əməlləri haqqında bəhs edir. Azərbaycanlılara qarşı törədilən qırğınlar, erməni millətçilərinin gələcəkdə öz dövlətlərini qura biləcəkləri ərazilərdə əhalinin sayının maksimal dərəcədə azaltmağa dair iri miqyaslı planlarının bir hissəsi idi. Bu sənədlər Azərbaycan Demokratik Respublikası hökumətinin 15 iyul 1918–ci ildə yaratdığı Birinci dünya müharibəsi başlanandan bəri törədilmiş zorakı cinayət əməllərinin araşdırılması üzrə Fövqaladə Təhqiqat Komissiyasının topladığı və tərtib etdiyi sənədlərdir. Saytda komissiyanın sədri vəzifəsini hüquqşunas, Ələkbər bəy Xasməmmədovun icra edildiyi qeyd olunur. Komissiyanın üzvləri Bakı və Gəncə şəhərlərinin, istintaq və məhkəmə orqanlarının əməkdaşlarından ibarət olub. Komissiyanın fəaliyyət dövründə (15 iyul 1918 – 1 noyabr 1919) 36 cild və 3500 vərəqdən ibarət material toplanıb. Onlardan 6 cild, 740 vərəqdən ibarət materiallar Bakı və ətraf ərazilərin əhalisinə qarşı, törədilmiş zorakılıq əməllərinə həsr olunub. Diqər cildlər erməni hərbi dəstələrinin Şəki, Şamaxı, Qarabağ, Zəngəzur, Quba, Göyçay, Lənkaran, qəzalarında və Gəncə quberniyasının kəndlərində əhaliyə qarşı törədilmiş cinayətlərə həsr olunub. Saytda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin elmi əsərlərindən geniş istifadə olunub.

Tədbirin sonunda internet saytının bütün bölmələri ayrı-ayrılıqda nümayiş etdirilib.