Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib

Fevralın 25-də Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən DİA-da fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib.

Əvvəlcə şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətdiyini deyib. Bildirilib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında dövlət strukturları ilə yanaşı, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır.

Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən bəhs edib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Vüqar İsmayılov Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin Xocalı soyqırımı ilə bağlı layihələri barədə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Həvva Məmmədova “Xocalı soyqırımında yaşanan tarixin 30 ili”, DİA-nın Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev “Soyqırımı cinayətləri milli və beynəlxalq hüquqi müstəvidə”, Politologiya və siyasi idarəetmə kafedrasının müdiri professor Nigar Ələkbərova “Xocalı soyqırımının səbəbləri və beynəlxalq aləmdə tanınması” mövzularında məruzə ediblər.

Məruzəçilər Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı faciəsi barədə məlumatları, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, dünyada oxşar hadisələrin baş verməməsinə çağırış məqsədi daşıyır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər artıq öz nəticələrini verir.

Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən danışıb, işğaldan azad olunmuş torpaqlarımızda geniş miqyasda bərpa və quruculuq tədbirlərinin həyata keçirildiyini bildiriblər.