preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında yeni təlim mərkəzinin açılışı olub
Dek 08 , 2016 – 03:00

08.12.2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün təlim mərkəzinin açılış mərasimi keçirildi. Təlim Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq əsasında yaradılıb.

Yeni açılan Mərkəzin daxili prosedurları və təlim modullarının Avropa standartlarına uyğun qurulması gözlənilir. Təlimçilərin bacarıqlarının artırılması üzrə tematik iş planı Dövlət İdarəçilik Akademiyası tərəfindən müəyyən ediləcək və Təlim Mərkəzi tərəfindən həyata keçiriləcəkdir. Təlim Mərkəzi resurs mərkəzi, computer və məlumat bazası otaqları və təlim salonundan ibarətdir. Ümumilikdə Təlim Mərkəzinin yaradılması Dövlət İdarəçilik Akademiyasının daxili təlim potensialının artırılması və müxtəlif dövlət orqanlarından olan dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə imkan verəcək.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın davamlı inkişaf sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat verib. Natiq Azərbaycan Respublikasının davamlı inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların insan potensialının formalaşdırılması və səfərbər edilməsi ilə bağlı olduğuna diqqət çəkib. Urxan Ələkbərov eyni zamanda Davamlı İnkişaf Məqsədlərinin dəf edilməsində dövlət və onun institutlarının, xüsusilə də peşəkar dövlət qulluğu sisteminin rolunu özəlliklə vurğulayıb. Rektor bu baxımdan birgə layihə çərçivəsində yaradılan təlim mərkəzinin görəcəyi işlərin miqyası və səmərəsindən də əminliklə söz açıb. 

BMTİP-in Rezident Nümayəndəsi cənab Qulam İshaqzai BMTİP və Akademiya arasında əməkdaşlığın tarixçəsini xatırladaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda Hökumətə yardım edəcək dövlət qulluqçularının peşəkarlıqlarının təkmilləşdirilməsində Təlim Mərkəzinin əhəmiyyətinə toxunub:

“Bu bir sirr deyil ki, Azərbaycanda dövlət qulluqçularının təlimi mərkəzindən dövlət qulluğu sisteminin təkmilləşdirilməsində maraqlı olan digər region ölkələri də yararlana bilər. Ölkədə dövlət qulluqçuları üçün təlimin Avropa standartlarına uyğun gücləndirilməsi ilə əlaqədar Akademiyaya dəstək olmaq Azərbaycanda güclü dövlət qulluğu sisteminin yaradılmasına yol açacaq əhəmiyyətli bir fəaliyyətdir.”  

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri səfir Malena Mard vurğulayıb ki, müstəqilliyini əldə etdikdən bəri Aİ Azərbaycanda dövlət idarəçiliyi və bu sahədə bacarıqların təkmilləşməsi prosesinə yardım edir. “Avropa İttifaqının proqram və  layihələri dialoq üzrədir və müasirləşmə və Azərbaycanın inkişafına hədəflənən hökumət proqramlarına tam dəstəkdir”, – deyə o bildirib.

Avropanın ən yaxşı təcrübələrinə uyğun olaraq ölkədə peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin  inkişafına töhfə vermək məqsədi ilə Avropa İttifaqı hazırda Azərbaycan üçün 4 qrant layihəsi ayırmışdır. Layihələrdən biri BMTİP tərəfindən həyata keçirilən bu layihədir.  

 “Azərbaycan Respublikasında Dövlət Qulluğu Təliminə Dəstək” layihəsinin əsas məqsədi dövlət qulluqçularının təliminin və peşəkar inkişaf funksiyalarının idarəedilməsi və əlaqələndirilməsini gücləndirməkdir. Layihənin digər məqsədi dövlət qulluqçularının təlimlərinin idarəedilməsi və əlaqələndirilməsi, eləcə də dövlət orqanları və digər təlim mərkəzlərinə metodoloji yardım göstərmək üçün Dövlət İdarəçilik Akademiyasının institusional bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.