Dia.edu.az

Aprelin 19-dan 21-dək Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin “İnformasiya təminatı və təhlili” bölməsinin müdirləri, həmçinin əməkdaşları üçün “İnformasiya texnologiyaları və intellektual sistemlərin idarə olunması” adlı onlayn təlim keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən yerli icra hakimiyyətlərinin əməkdaşları üçün nəzərdə tutulub.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov dinləyicilər qarşısında “Dövlət idarəçiliyində yeni texnologiyalar və Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və hərbi uğurları” adlı mühazirə ilə çıxış edib. U.Ələkbərov müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini təlim iştirakçılarına xatırladıb.

Dövlət İdarəçilik Akademiyasının rektoru qeyd edib ki, bu gün dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir çox uğurlara imza atılıb. Rektor müstəqil ölkəmizin uğurlu inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu diqqətə çatdırıb.

Akademik 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Zəfərdən söz açıb. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun, vətənpərvər gənclərinin qəhrəmanlığını, mübarizliyini xüsusi vurğulayıb. Daha sonra rektor Urxan Ələkbərov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, ölkəmizin müstəqillik əldə etdikdən bu günədək qazanılan siyasi, iqtisadi, hərbi uğurlarından, prioritetlərindən, inklüziv inkişafın idarə olunması sahəsindəki ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının müdiri dosent Elçin Abbasov “Dövlət idarəçiliyində statistik təhlil”, İntellektual sistemlərin idarə olunması kafedrasının müdiri dosent Elvin Əzizbəyov “İdarəetmədə böyük verilənlərin tətbiqi”, Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri dosent Şahin Həsənov “Azərbaycan Respublikasının Milli Məclisində idarəetmə sistemləri” mövzusunda mühazirə ilə çıxış ediblər.

Mühazirələr maraqla qarşılanıb, təlim diskussiya formatında davam edib və uğurla başa çatıb.