preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilmişdir
Dek 11 , 2015 – 06:50

Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin büstünü ziyarət edərək önünə güllər düzmüş, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirmişlər.

Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə anım tədbirini rektor, akademik Urxan Ələkbərov açaraq ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyası mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca, o da daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaqdır.

Rektor, Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələrin bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən millət vəkli, Dövlət İdarəçilik Akademiyası “Siyasi araşdırmalar institutu”nun müdiri professor Elman Nəsirov, millət vəkili, professor Musa Quliyev, “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və çıxış edən digər natiqlər dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın tarixindəki rolundan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışmış, onun parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlamasını, Ümummilli Lider Heydər Əliyevin vətən və xalq qarşısında xidmətlərini xatırlatmışlar. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürmüş, dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin inkişafı naminə əlindən gələni əsirgəməmiş, Ulu Öndər xalqımızın parlaq siması olmaqla yanaşı, dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur. Tədbir ulu öndərin Azərbaycan xalqına ünvanladığı bu sözlərlə yekunlaşdı: “Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili imkanlarından və potensialından səmərəli istifadə edin. Azərbaycan bundan sonra heç vaxt öz müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcək, dünyaya günəş kimi doğacaqdır”.

Anım tədbirində Heydər Əliyev Mərkəzinin əməkdaşları, DİA-nın professor-müəllim və tələbə heyəti iştirak etmişlər.