Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının professoru Namiq Əliyevin “Ermənistan və Azərbaycan arasında qarşıdurma: hüquqi aspektlər” adlı kitabının Bolqarıstanda təqdimatı keçirilib

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın Milli Teleqraf Agentliyində Xocalı soyqırımına həsr olunmuş “Xocalı faciəsi 30 il sonra: hüquqi və humanitar aspektlər” adlı elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan və Bolqarıstan parlamentlərinin üzvləri, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ali elmi-təhsil müəssisələri və akademik dairələrin üzvləri, mütəxəssislər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq əlaqələr və xarici siyasət kafedrasının müdiri, Fövqəladə və Səlahiyyətli səfirin bolqar dilində kitabının təqdimat mərasimi keçirilib. Hüquq elmləri doktoru, professor Namiq Əliyev “Ermənistan və Azərbaycan arasında qarşıdurma: hüquqi aspektlər” kitab Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi və YUNESKO üzrə Milli Komissiyasının yardımı ilə tərcümə edilərək nəşr edilib.

Kitabda müəllif geniş elmi və empirik material əsasında Ermənistan-Azərbaycan qarşıdurmasının bir sıra hüquqi problemlərini araşdırır, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarının aşkar hüquqi uyğunsuzluğunu sübut edir. Sənəddə 44 günlük Vətən Müharibəsi nəticəsində ermənilər tərəfindən işğal edilmiş torpaqların azad edilməsinin nəticələri, Ermənistan Respublikasının törətdiyi əməllərin hüquqi nəticələri göstərilir. Monoqrafiya Bolqarıstanın bütün kitabxanalarına, eləcə də bir çox beynəlxalq beyin mərkəzlərinə göndəriləcək.