Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbələri Məntiq Olimpiadasının qalibi olublar

Ulu Öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş Məntiq Olimpiadasının yekun tədbiri keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Prestij-S Tədris Mərkəzinin direktoru Samid Səfərov,  İstiqlaliyyat 6 ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov, Dövlət İdarəçilik Akademiyasının   müşaviri Zaur Məmmədov,  Üzeyir Hacıbəyov 34 ərazi partiya təşkilatının sədri Soltanəli Qurbanov və 91-in üzvü Hacan Hacıyev çıxıb ediblər.

Tədbirə başlamadan öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, respublikanın hər yerində, ictimai-siyasi birliklərdə, dövlət strukturlarında Ulu Öndər Heydər Əliyevin xatirəsi qeyd olunur: “Ümummilli Lider Heydər Əliyevin xatirəsi Azərbaycanın tarixində o qədər böyük dərin iz buraxıb ki, heç kəs onu unuda bilməz. Onun xatirəsini daim yaşatmaq və özümüzdən sonrakı nəsillərə ötürmək hər birimizin borcudur. Düşünürəm ki, Ulu Öndər Heydər Əliyev elə böyük zirvədir ki, zaman keçdikcə daha da ucalır. Onun bu xalq üçün yaratdığı dövlət danılmazdır. Onun sayəsində bu gün Azərbaycan bir çox ölkələr arasında seçilir və tanınır. Azərbaycanın bu gün qazandığı uğuru uzaqgörən Lider Heydər Əliyevə, onun siyasətinə və bu siyasəti davam etdirən Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Məntiq elmi elə bir sahədir ki, bütün elmlər məntiqə əsaslanır. Əgər bir elmin məntiqi yoxdursa o elmdən söhbət etmək qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin 99-cu il dönümü ilə bağlı “Presti-S” Tədris Mərkəzi tələbələr arasında Məntiq Olimpiadası keçirib. Düşünürəm ki, bu çox əhəmiyyətli bir hadisədir”.

“Prestij-S” Tədris Mərkəzinin direktoru Samid Səfərov qeyd edib ki, Ümummilli Liderin miras qoyduğu bu dövləti qorumaq biz gənclərin vəzifəsidir: “Qarşıda yetişən gənclik var. Hansı ki, bu gənclik 2020-ci il Vətən müharibəsində öz torpaqlarını, vətənini qəhrəmanlıqla qoruyan gənclikdir”.

Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov Ulu Öndər Heydər Əliyev və onun davamçısı prezident İlham Əliyevin apardığı ideoloji siyasətə, gənclər siyasətinə toxunmuşdur. Təhsilin və gənclər siyasətinin dövlətimiz üçün prioritet olduğunu qeyd etmişdir.

Digər çıxış edənlər tələbələri fəal olmağa, keçirilən müxtəlif tədbirlərdə yaxından iştirak etməyə çağırıblar.

Sonda Olimpiada qaliblərinə sertifikatlar və diplomlar təqdim edilib.

Qeyd edək ki, Səbail rayon ərazisində yerləşən ali təhsil müəssisələri arasında DİA ilk yerə sahib olub. Tərlan Rzazadə və Raul Nuriyev müvafiq olaraq birinci və üçüncü yerə layiq görülüblər.