preloader-matrix

Dia.edu.az

Dövlət İdarəşilik Akademiyasında faciənin iyirmi altıncı ildönümü qeyd edilmişdir
Yan 19 , 2016 – 02:43

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq tədbir keçirilmişdir.Tədbir başlanmazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq sovet imperiyasının Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bütün bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməl olduğunu, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş, eyni zamanda tariximizə qürur, qəhrəmanlıq günü kimi yazıldığını bildirmişdir.

Rektor qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış etmiş, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırmış, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etmişdir. Ulu Öndər siyasi hakimiyyətə qayıdışından sonra da Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi Ümumxalq hüzn günü kimi elan etmiş, hadisəyə rəsmi siyasi və hüquqi qiymət verilmişdir. Rektor bildirilmişdir ki, ölkə Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.

Tədbirdə çıxış edənlər “Tarix” kafedrasının professoru Musa Quliyev, “Beynəlxalq münasibətlər və xarici siyasət kafedrası”nın dosenti Elçin Əhmədov, “Politologiya və siyasi idarəetmə kafedrası”nın müdiri, professor Nigar Ələkbərova və digər çıxışçılar zaman keçdikcə tariximizin həm qəhrəmanlıq səhifələrinin, həm də faciəli səhifələrinin yad etməyin, gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğunu, bunların içərisində 20 Yanvar faciəsi, eyni zamanda o günlər göstərilən qəhrəmanlıq, şücaət və xalqın birliyinin hamıya örnək olmasını–bu gün yaşayanlara da, gələcək nəsillərə də çatdırılmasının vacibliyini, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin, xalqımızın tərəfindən hər zaman yaşayadılacağını bildirmişlər.