loader image

Dia.edu.az

Elmi-praktik konfrans: Azərbaycanın hərbi-diplomatik uğurları və Ermənistanın dövlət terrorizmi siyasəti

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanın hərbi-diplomatik uğurları və Ermənistanın dövlət terrorizmi siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda “Azərbaycanın hərbi-diplomatik uğurlarının əsası” mövzusunda məruzə ilə çıxış edən rektor, akademik Urxan Ələkbərov görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edərək, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, müstəqilliyinin bərpasından keçən 29 il ərzində Azərbaycan Respublikası uğurla inkişaf edib və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə bütün sahələrində böyük uğurlar qazanıb. Ölkəmizin qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadır.

Akademik U.Ələkbərov qazanılan uğurların əsasında Prezident İlham Əliyevin dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını, eyni zamanda, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin əldə edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın önəmli rolu olduğunu diqqətə çatdırıb. Akademik vurğulayıb ki, əslində, daha az vəsaitlərlə yüksək göstəricilərə nail olunması dövlət inkişafı proseslərinin idarə edilməsində Prezident İlham Əliyev tərəfindən işlənmiş unikal innovativ sinergetik, komplementar və kompensasion texnologiyalar kompleksinin tətbiqinin nəticəsidir. Həmin texnologiyalar ölkənin hərtərəfli inkişafı və əhalinin rifahının yüksəlməsi üçün iqtisadi imkanlardan səmərəli istifadəni təmin edib. Mühazirədə ölkənin sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inklüziv inkişafı xarakterizə edən göstəriciləri müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırılıb.

Rektor Vətən müharibəsində qazanılan şanlı zəfərin də ölkənin uğurlu inkişafının məntiqi nəticəsi olduğunu vurğulayıb. O, ötən 44 günü Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılacaq xüsusi mərhələ kimi dəyərləndirib. Bildirilib ki, həmin günlər “Qarabağ Azərbaycandır!” şüarı ilə müşayiət olunan xalq-dövlət, xalq-hakimiyyət birliyinin, hakimiyyət və xalq arasında qarşılıqlı inam və etimadın təzahürü idi. Azərbaycana bu möhtəşəm qələbəni Müzəffər Ali Baş Komandanın müdrik qərarları, şanlı ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi qazandırdı. Qazandığımız bu qələbə, həmçinin gəncliyimizə örnək oldu. Onlar gördülər ki, öz lideri ətrafında bir yumruq kimi birləşən xalq yenilməzdir və qalibdir.

Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının müəllimi, politoloq Zaur Məmmədovun moderatorluğu ilə keçirilən konfransda DİA-nın professoru, siyasi elmlər doktoru Elçin Əhmədov “Azərbaycanın hərbi-diplomatik uğurları və Ermənistanın dövlət terrorizmi siyasəti” mövzusunda çıxış edib. O bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımız bütünlüklə Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Xüsusilə 2020-ci il noyabrın 8-i tariximizə şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qətiyyətli və prinsipial mövqeyi Azərbaycanın ikinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsi ilə nəticələndi. Eyni zamanda, Prezident İlham Əliyevin bir sıra xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Çıxışlardan sonra Dövlət İdarəçilik Akademiyasının Vətənpərvərlik klubunun hazırladığı videoçarx nümayiş olunub.