07 noyabr 2025-ci il tarixində
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün “Azərbaycanın
xarici siyasəti: suverenliyin və tarixi ədalətin bərpası” mövzusunda növbəti
təlim təşkil olunub. Təlimdə Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini
Araşdırma Mərkəzi”nin rəhbəri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov çıxış
edib.
Tədbirin əsas məqsədi
Azərbaycanın müasir xarici siyasətinin prioritet istiqamətləri, milli
maraqların qorunması və dövlət suverenliyinin tam bərpası prosesinin
elmi-nəzəri əsaslarının öyrənilməsi olub. Mühazirə zamanı Azərbaycanın
beynəlxalq münasibətlər sistemində mövqeyi, xarici siyasətdə tarixi ədalətin
bərpası, regional təhlükəsizlik və sülh təşəbbüsləri mövzularına xüsusi diqqət
yetirilib.
Professor qeyd edib ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və
balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada öz
mövqeyini gücləndirib, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bu
siyasət milli maraqlara əsaslanaraq regional sabitliyin və dayanıqlı inkişafın
təmin edilməsinə yönəlib.
Təlim zamanı iştirakçılarla
interaktiv müzakirələr aparılıb, xarici siyasətin yeni çağırışları, diplomatik
təşəbbüslər və Azərbaycanın beynəlxalq tərəfdaşlıq strategiyaları barədə fikir
mübadiləsi həyata keçirilib.
Tədbirin sonunda iştirakçılar
mövzu üzrə əldə etdikləri biliklərin dövlət idarəçiliyində, xüsusən də
beynəlxalq əməkdaşlıq sahəsində tətbiqinin əhəmiyyətini vurğulayıblar.
