loader image

Dia.edu.az

Azərbaycan davamlı inkişaf naminə enerji səmərəliliyi indeksinə görə 125 ölkə arasında 33-cü yerdə qərarlaşıb
Mart 02 , 2016 – 12:13

Azərbaycan Qlobal Enerji Səmərəlilik İndeksinə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək 33-cü yerdə qərarlaşıb. Bu nəticə 2015-ci ilin yekunlarına həsr olunmuş və Dünya İqtisadi Forumunun fevralın 18-də dərc edilmiş məlumatları əsasında hazırlanan beynəlxalq hesabatda öz əksini tapıb.

Hesabatda Azərbaycan Yaponiya ilə eyni göstəricilərə malikdir. Cədvələ görə, ABŞ 37, Avstraliya 38, Rusiya 39, Sinqapur 44-cü yerdədir. Qiymətləndirmə davamlı inkişaf üçün əhəmiyyətli olan 18 meyar əsasında aparılıb. Bu göstəricilər üç qrupa aiddir: iqtisadi artım və inkişaf, ətraf mühitin və onun keyfiyyətinin idarə edilməsi, enerji mənbələrinə çıxış və onların təhlükəsizliyi. Davamlı inkişaf üçün önəmli olan bu tədqiqat 125 ölkədə enerjidən istifadənin səmərəliliyini qiymətləndirmək üçün həyata keçirilib.

Bununla bağlı məsələni şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətlərin yüksək olduğunu və bu faktın bir çox beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankı və BMT-nin hesabatlarında öz əksini tapdığını qeyd edib. Müsahibimiz vurğuladı ki, davamlı inkişafın planlaşdırılması və idarəedilməsi sahəsində Azərbaycan Respublikasında uzun müddətdir ki, qabaqlayıcı siyasət həyata keçirilməkdəddir: “Bunun göstəricisidir ki, Dünya Bankının və BMT-nin rəsmi hesabatlarında Azərbaycanın yüksək nəticələr əldə etdiyi qeyd olunub və respublikamız bu göstəricilərə görə bir sıra inkişaf etmiş ölkələri, o cümlədən “Böyük yeddilik” (G 7) qrupuna daxil olan dövlətləri qabaqlayıb. Hazırda da bu siyasət uğurla davam etdirilir”.

Akademik BMT Baş Assambleyasının ötən ilin sentyabrında Nyu-Yorkda keçirilən 70-ci yubiley sessiyasında çağdaş nəsillərin rifahını təmin edən və gələcək nəsillərin inkişaf imkanlarını nəzərə alan davamlı inkişafın qlobal miqyasda bütün

dünya üçün prioritet kimi müəyyənləşdirildiyini vurğulayıb. Qeyd edib ki, həmin vaxt BMT-nin təşəbbüsü ilə Nyu-Yorkda keçirilən Dünya Sammitində də davamlı inkişaf ən mühüm məsələ kimi qəbul edilib. Hər iki toplantıda qəbul olunan sənəd “Davamlı inkişaf məqsədləri” adlanır və bu istiqamətdə 2030-cu il üçün 17 müxtəlif hədəflər müəyyən olunub. Azərbaycan isə bu məsələləri uzun müddətdir ki diqqətdə saxlayır və son göstəricilər də bunun sübutudur.

Bu hesabat Azərbaycanın həmin istiqamətdə düzgün siyasət apardığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin adıçəkilən sessiyasından və Dünya Sammitindən əvvəl Nazirlər Kabinetinin qərarı ilə “Davamlı inkişafın idarə edilməsi” ixtisası bakalavr və magistr səviyyəsində ali təhsilə daxil edilib və eyni zamanda elmi istiqamət kimi qəbul olunub. BMT-nin yubiley sessiyasında və Dünya Sammitində davamlı inkişafın 2015-2030-cu illər üçün prioritet olması nəzərə alınaraq bu sahə üzrə kadr potensialının gücləndirilməsinin vacibliyi qeyd olunub. Nazirlər Kabinetinin bu qərarı ilə isə artıq Azərbaycanda müvafiq kadr hazırlığının əsası qoyulub.