loader image

Dia.edu.az

“On il həyat fəaliyyətinin təhlükəsizliyinin keşiyində” mövzusunda elmi-praktik konfrans
Dek 04 , 2015 – 10:52

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının on illiyinə həsr olunan “On il həyat fəaliyyətinin təhlükəsizliyinin keşiyində” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans DİA-nın, FHN-in Bakı Regional Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasında prorektoru, professor Əlikram Abdullayev FHN-in yaradılmasından və fəaliyyətindən söz açıb. Bildirilib ki, bu qurum Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamına əsasən yaradılıb. Hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Vurğulanıb ki, bu qurum yarandığı gündən onun əməkdaşları təbii fəlakətlər, müxtəlif texnogen hadisələr, mülki müdafiə, qəzalar, yanğınlar və müxtəlif hadisələr zamanı baş verən hadisələrin aradan qaldırılmasında yaxından iştirak edirlər. Yubiley münasibətilə nazirliyin kollektivini təbrik edən prorektor onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.

FHN-in Bakı Regional Mərkəzi rəisinin müavini, polkovnik-leytenant Elnur Qasımov təmsil etdiyi qurum tərəfindən on ildə həyata keçirilən işlər barədə məlumat verib. Nəzərə çatdırılıb ki, FHN ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edir. Eyni zamanda, mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edir. Nazirliyin əməkdaşları “Bakı-2015” ilk Avropa Oyunları zamanı üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetiriblər.

ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi müxtəlif ali təhsil müəssisələrindən minlərlə tələbəni özündə birləşdirən təşkilatın fəaliyyətindən söz açıb. O, müxtəlif ali təhsil müəssisələrində FHN ilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Konfransda müxtəlif ali məktəblərin tələbələri çıxış edərək FHN-in yaranması, fəaliyyəti və vəzifələri barədə danışıblar.

Sonda FHN-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.