loader image

Dia.edu.az

“Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçirilib

22 noyabr 2022-ci il tarixində Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər heyəti üçün növbəti onlayn təlim keçirmişdir. Təlimdə Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, siyasi elmlər doktoru, dosent Rəcəb Rəhimli “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” adlı mühazirə ilə çıxış etmişdir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 24 noyabr 2020-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 26 dekabr 2020-ci il tarixində Fərman imzalanmışdır. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutur. Məhz təşkil olunmuş təlimin əsas məqsədi bu dəyişikliklərin izahı və həyata keçirilməsi metodlarının rəhbər heyətin diqqətinə çatdırılması olmuşdur. Rəcəb Rəhimli təlim iştirakçılarına ölkəmizdə dövlət qulluğunun formalaşması, qanunverici bazası haqqında məlumat verərək qeyd etmişdir ki, Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 6 aprel 2021-ci il tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparılır. Mühazirəçi həmçinin təlim iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat vermişdir. Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyada da dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mühüm məsələ kimi qeyd olunur. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi və bir sıra əlaqəli sahələrdə əsaslı islahatların həyata keçirilməsini nəzərdə tutur. Rəcəb Rəhimli həmçinin ölkə prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci ildə imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamı qeyd edərək növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetin reallaşdırılmasında dövlət qulluqçularının qarşısında duran mühüm vəzifələri vurğuladı. Təlimin sonunda iştirakçıların sualları əhatəli şəkildə cavablandırıldı.