Konfrans “Heydər Əliyev İli” çərçivəsində tədbirlər planına uyğun olaraq təşkil edilib. Elmi konfransda DİA-nın rektoru akademik Urxan Ələkbərov məruzə ilə çıxış edib. Akademik dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. O, ölkəmizdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib. U.Ələkbərov Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və torpaqlarımızın işğaldan azad edilməsində təsdiqini tapdığını bildirib. Vətən müharibəsində böyük Zəfərin 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran lider ölkə olduğunu bildirib. Diqqətə çatdırılıb ki, məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması respublikanın iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. İnklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Rektor müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu qeyd edib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi statistik təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb. Daha sonra DİA-nın Dövlət idarəetməsi və menecment kafedrasının müdiri, professor Xatirə Hüseynova, “İntellektual sistemlərinin idarəolunması” kafedrasının müdiri dosent Elvin Əzizbəyov, Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının müdiri dosent Elçin Abasov, Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi kafedrasının dosenti Nuridə Mustafayeva və digərləri məruzə ilə çıxış ediblər.
- 08 Jun
- 2023